Yataqların qanunsuz işlənməsi ilə bağlı ziyana görə yeni normativlərə aydınlıq gətirilib

Yataqların qanunsuz işlənməsi ilə bağlı ziyana görə yeni normativlərə aydınlıq gətirilib
# 02 aprel 2020 00:52 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında qərara aydınlıq gətirib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərarı Azərbaycan Respublikasında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsini nəzərdə tutur.

Bildirilir ki, indiyə qədərki ödənişlərin miqdarı əvvəlki iqtisadi şəraitə uyğunlaşdırılmışdı. Bu səbəbdən həmin qiymətlər hazırkı iqtisadi kontekstdə, ölkədəki mövcud iqtisadi artıma nisbətdə çox aşağıdır. Ona görə də mövcud ödəmə normativləri qanunsuzluqların qarşısını almağa, bu sahədə fəaliyyət göstərən subyektlərin məsuliyyətini artırmağa imkan vermir: “Odur ki, bu qərar faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə ödənişlərin miqdarını yeni iqtisadi şəraitə uyğunlaşdıracaq. Nəticədə yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq. Qərar təbii ehtiyatların qorunub saxlanması, səmərəli istifadəsi, mineral xammal bazasının bərpası baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu Qərarın tətbiqi bu sahədəki qeyri-müəyyənliklərin hüquqi cəhətdən dəqiq həll edilməsinə də imkan yaradacaq”.

Qeyd edək ki, qərara əsasən, Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər aşağıdakı kimi müəyyənləşib:

Sıra №-si Faydalı qazıntının adı 1 m3 qanunsuz işlədilən faydalı qazıntıya görə (manatla)
1. Qum 20.0
2. Çınqıl 20.0
3. Çaqıl 20.0
4. Qırmadaş 25.0
5. Gil 30.0
6. Gilcə 25.0
7. Pemza 25.0
8. Gəc 30.0
9. Süxur (qarışıq) 18.0
10. Əhəngdaşı 35.0
11. Dolomit 18.0
12. Mergel 25.0
13. Kvars qumu 35.0
14. Mərmər 300.0
15. Qabbro 700.0
16. Tuflar 20.0
17. Travertin 45.0
18. Mərmərləşmiş əhəngdaşı 230.0
19. Seolit 300.0
20. Barit 500.0
21. Bentonit gilləri 85.0
22. Kaolin 12.0
23. Odadavamlı gillər 15.0
24. Vulkan külü 35.0
25. Bitumlaşmış qumlar 60.0
26. Çınqıl-qum qarışığı 5.0
27. Göl duzu 340.0
28. Daş duz 450.0
29. Gips 35.0

30. Məmulatdaşları(qiymətli, yarımqiymətli) 45.0
31. Dağ-mədən işləri ilə əlaqədar tullantılar 15.0

Qeyd edək ki, torpağın üst münbit qatının qanunsuz götürülməsi zamanı hər 1 m3 üçün təbiətə dəymiş ziyanın məbləği 290 manat, xüsusi mühafizə olunan təbiət ərazilərində, turizm və rekreasiya zonalarında yer təkinin qanunsuz istismarı zamanı təbiətə dəymiş ziyanın məbləği 3 qat qiyməti ilə hesablanır. Bu qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən, birinci dəfə cərimələnən subyektlər üçün 0.7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, 3-cü dəfə cərimələnən subyektlər üçün 1.3 əmsalı, 3 dəfədən çox cərimələnən subyektlər üçün 1.5 əmsalı tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR