Yerli icra hakimiyyəti orqanlarının tikinti obyektlərinə elektrik enerjisi verilməsi sahəsində səlahiyyətləri ləğv edilib

Yerli icra hakimiyyəti orqanlarının tikinti obyektlərinə elektrik enerjisi verilməsi sahəsində səlahiyyətləri ləğv edilib
# 18 dekabr 2019 21:44 (UTC +04:00)

Nazirlər Kabineti “Məişət abonentlərinin tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, Bu Qayda məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir.

Dəyişiklik texniki şərtlərin və layihə sənədlərinin alınması üçün müraciət edilməsi, habelə həmin sənədlərin hazırlanması və verilməsi ilə bağlıdır. İndiyə qədər tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına müraciətinə əsasən həmin orqanın sorğusu ilə bu Qaydada nəzərdə tutulmuş tələblərə əməl olunmaqla verilib. Dəyişikliyə əsasən, bundan sonra tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına deyil, tikintiyə icazə verən orqana (quruma) müraciətinə əsasən həmin orqanın sorğusu ilə bu Qaydada nəzərdə tutulmuş tələblərə əməl olunmaqla veriləcək.

Bu vaxta qədər enerji təchizatı müəssisəsinin mərkəzlərdəki nümayəndəsi müvafiq yerli icra hakimiyyəti orqanının sorğusunu və sifarişçinin ərizəsini, müvafiq yerli icra hakimiyyəti orqanı isə sifarişçinin ərizəsini qəbul etməkdən imtina edə bilməzdi. Dəyişikliyə əsasən, yerli icra hakmiyyəti orqanının bu sahədə səlahiyyətləri ləğv edilib. Başqa sözlə, bundan sonra enerji təchizatı müəssisəsinin mərkəzlərdəki nümayəndəsi tikintiyə icazə verən orqanın (qurumun) sorğusunu və sifarişçinin ərizəsini, tikintiyə icazə verən orqan (qurum) isə sifarişçinin ərizəsini qəbul etməkdən imtina edə bilməz.

Qaydaya əsasən, müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən mərkəzlər vasitəsilə göndərilən sorğuya sifarişçinin ərizəsinin surəti ilə yanaşı, tikinti ərazisinin vəziyyət planı, tikinti obyektinin yerləşəcəyi torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər və obyektin tikintisinə dair layihənin surətləri əlavə edilib. Bu sahədə də müvafiq icra hakimiyyəti orqanının səlahiyyəti tikintiyə icazə verən orqana (quruma) həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR