Yunanıstan TAP sayəsində LNG idxalını kəskin azaldıb

Yunanıstan TAP sayəsində LNG idxalını kəskin azaldıb
# 14 aprel 2021 12:14 (UTC +04:00)

Cənub Qaz Dəhlizi çərçivəsində boru kəməri vasitəsilə Azərbaycan qazının nəqlinin başlanılması və mayeləşdirilmiş təbii qaza (LNG) olan yüksək qiymətlər nəticəsində Yunanıstan cari ilin birinci rübündə LNG-nin idxalını 2,7 dəfə azaldıb.

"APA-Economics"in "S&P Global Platts Analytics"ə istinadən verdiyi məlumata görə, cari ilin birinci rübündə Yunanıstan 0,36 mlrd. kubmetr təbii qaz ekvivalentində LNG idxal edib. Ötən ilin müvafiq dövründə bu göstərici 0,97 mlrd. kubmetr olub.

Qeyd olunur ki, LNG qiymətlərinin yüksək olması Rusiya və Azərbaycandan boru kəmərləri ilə tədarükü və Türkiyədən qazın təkrar reeksportunu rəqabətə davamlı edir.

Xatırladaq ki, ötən ilin dekabrın 31-də Azərbaycan Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatık Qaz kəməri (TAP) vasitəsi ilə Avropaya qazın ixracına başlayıb.

TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR