"Abşeron" qaz-kondensat yatağında qazma işləri bitmək üzrədir

"Abşeron" qaz-kondensat yatağında qazma işləri bitmək üzrədir
# 15 iyul 2019 12:56 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağında “ABD-001” hasilat quyusunun qazılması çərçivəsində aparılan işlər bitmə ərəfəsindədir. Bu barədə “APA-Economics”ə Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda yataqda “ABD-001” quyunun istismar lüləsinin qazması, demək olar ki, bitmək üzrədir: “İşlər yaxın bir zamanda tam başa matdırılacaq və Heydər Əliyev adına qazma qurğusu BP şirkətinin sifarişi ilə “Şəfəq-Asiman” perspektiv blokunda ilk kəşfiyyat quyusunun qazılması prosesinə cəlb ediləcək”.

Xatırladaq ki, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Consun sözlərinə görə, şirkət "Şəfəq-Asiman" perspektiv blokunda ilk geoloji kəşfiyyat quyusunun qazmasına bu ilin sonunda start verməyi planlaşdırır.

"Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1 100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 min metrdir.

Mənbənin sözlərinə görə, “Abşeron” yatağında işlər yekunlaşandan sonra yeni quyunun qazılması üçün qazma qurğusunda hazırlıq işləri aparılmalıdır ki, bu da müəyyən bir zaman tələb edən bir prosesdir.

Qeyd edək ki, “Abşeron” yatağında “ABD-001” hasilat quyusunun qiymətləndirmə lüləsinin qazılması burada əhəmiyyətli qaz ehtiyatlarının olmasını təsdiqlədi. Aparılan qazma işləri yataqda nəzərdə tutulduğu kimi, ən azından 350 mlrd. qaz ehtiyatlarının olmasını tam təsdiqləyib.

"Abşeron" dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR