"Abşeron" qaz-kondensat yatağında qazma işləri tamamlanıb

"Abşeron" qaz-kondensat yatağında qazma işləri tamamlanıb
# 06 sentyabr 2019 16:17 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında "ABD-001" quyusunun hasilat lüləsinin qazılması prosesi başa çatdırılıb. Bu barədə "APA-Economics"ə Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, quyunun qazılması Heydər Əliyev adına qazma qurğusu vasitəsi ilə həyata keçirilib və hazırda yataqda quyunun tamamlanması işləri aparılır. Tamamlama işləri yaxın vaxtlarda başa çatdırılacaq.

"Quyu üzərində bütün işləri bitirəndən sonra qazma qurğusu BP şirkətinin sifarişi ilə ilk kəşfiyyat quyusunun qazılması üçün "Şəfəq-Asiman" perspektiv blokuna yönəldiləcək", - deyə mənbə bildirib.

Xatırladaq ki, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Consun sözlərinə görə, şirkət "Şəfəq-Asiman" perspektiv blokunda ilk geoloji kəşfiyyat quyusunun qazmasına bu ilin sonunda start verməyi planlaşdırır.

"Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1 100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 min metrdir.

Qeyd edək ki, "Abşeron" yatağında "ABD-001" hasilat quyusunun qiymətləndirmə lüləsinin (7411 metr dərinliyində) qazılması burada əhəmiyyətli qaz ehtiyatlarının olmasını təsdiqlədi. Aparılan qazma işləri yataqda nəzərdə tutulduğu kimi, ən azından 350 mlrd. qaz ehtiyatlarının olmasını tam təsdiqləyib.

"Abşeron" dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR