"Abşeron" yatağında infrastrukturun qurulması gecikə bilər

"Abşeron" yatağında infrastrukturun qurulması gecikə bilər
# 24 iyun 2019 14:49 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz yatağının işlənməsi çərçivəsində infrastrukturun yaradılması və istifadəyə verilməsi gecikə bilər. Bu barədə “APA-Economics”ə Azərbaycanın neft-qaz bazarında fəaliyyət göstərən etıbarlı mənbə bildirib.

Qeyd edək ki, bu layihə çərçivəsində Fransanın “Total” şirkəti və "Saipem Contracting Netherlands BV", "Boshelf LLC" və "STAR GULF FZCO" şirkətlərində ibarət konsorsium arasında olan müqaviləyə əsasən, infrastrukturun yaradılması üzrə işlərin başa çatdırılması və istismara verilməsi 2020-ci ilin avqust planlaşdırılıb.

Sözügedən müqavilə yataqda layihə işlərinin aparılmasını, infrastrukturun satın-alınması, istehsalı və dəniz şelfində quraşdırılmasını, uzunluğu 34 km olan 12-düymlük istehsal xəttinin işə salınması və sınaqdan keçirilməsinə yardım edilməsini nəzərdə tutur.

Mənbənin sözlərinə görə, hazırda gecikmə problemi lazımi avadanlığın sifarişi və ölkəyə gətirilməsi sahəsində qeydə alınır: “Amma onu da demək lazımdır, bu cür gecikmələr demək olar ki bütün iri layihələrin reallaşdırılması zamanı olur”.

Bundan başqa, mənbə bu ilin 8 may tarixində “Şahdəniz II” layihəsi çərçivəsində “Saipem” şirkətinin Xəzər dənizində boru düzmək üçün istifadə etdiyi “İsrafil Hüseynov” gəmisində partlayış baş verdiyini də xatırladıb. O qeyd edib ki, “İsrafil Hüseynov” borudüzən gəmisini “Abşeron”da da istifadə etmək planlaşdırılır: “Baş vermiş hadisə layihənin yerinə yetirilməsi qrafikinə öz təsirini göstərə bilər”.

Xatırladaq ki, müqaviləyə əsasən, dəniz sahəsindəki işin yerinə yetirilməsi üçün “İsrafil Hüseynov” borudüzən, “Qurban Abbasov” kran, həmçinin, "Topaz Arrow" yardımçı gəmiləri cəlb ediləcək.

“Abşeron” yatağında infrastrukturun yaradılması və istifadəyə verilməsinin nə qədər gecikə bilməsi ilə bağlı sualı mənbə cavablandırmayıb.

"Abşeron" dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50% - lahiyənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.

Yatağın ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR