AÇG-də yeni qiymətləndirmə quyusunun qazılması bitmək üzrədir

AÇG-də yeni qiymətləndirmə quyusunun qazılması bitmək üzrədir
# 31 may 2023 11:49 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz laylarının məhsuldarlığını müəyyən etmək üçün quyunun qazılması işləri, demək olar ki, bitib.

"APA-Economics" xəbər verir ki, bu barədə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qazma işi demək olar başa çatıb və hazırda əldə olunan məlumatların interpretasiyası aparılır.

"Yaxın vaxtda mövcud məlumatlar razılaşdırıldıqdan sonra ictimaiyyətə təqdim olunacaq"' - Bəxtiyar Aslanbəyli qeyd edib.

O əlavə edib ki, quyunun qazılması çərçivəsində əsas işlər bitib və yaxın vaxtlarda prosesin tam bitəcəyi gözlənilir (yayın axırına kimi bitəcəyi istisna olunmur - red.)

Qeyd edək ki, AÇG layihəsinin operatoru olan BP şirkəti bu ilin yanvarında AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılması üçün əməliyyatlara başlanıldığını elan edib. A22z adlanan bu quyu “Çıraq” platformasından qazılacaq və mövcud A22 injektor quyusundan (su vurma quyusu – red.) yan lülə vasitəsilə AÇG strukturunun cənub cinahı ərazisindəki dərin qaz laylarına daxil olacaq. Əgər uğurlu olarsa, quyudan əldə olunacaq məlumat həmin ərazinin strukturu və dərin laylardakı təzyiqlər haqqında anlayışların genişlənməsinə imkan verəcək. Quyunun qazılması təqribən üç ay çəkəcək. Bundan sonra quyuda geniş karotaj proqramı və təzyiq məlumatlarını qeydə almaq üçün ölçmə cihazlarının quraşdırılması da nəzərdə tutulub.


Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR