AÇG-dən bu ilin birinci rübündə 5 mln. ton neft hasil olunub

AÇG-dən bu ilin birinci rübündə 5 mln. ton neft hasil olunub
# 05 may 2022 12:03 (UTC +04:00)

Bu ilin birinci rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 5 mln. ton (39 mln. barel) neft hasil edilib ki, bu da illik müqayisədə 16,7% azdır.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin birinci rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövrünün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

Hesabata görə, yanvar-mart aylarında AÇG üzrə fəaliyyətlərə təqribən 133 mln. dollar əməliyyat məsrəfləri və 396 mln. dollar əsaslı məsrəflər xərclənib.

"Birinci rüb ərzində AÇG-də 3 neft hasilatı quyusu tamamlanıb", - hesabatda qeyd edilir.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR