AÇG-ə bu il 500 mln. dollara yaxın vəsait xərclənilib

AÇG-ə bu il 500 mln. dollara yaxın vəsait xərclənilib
# 04 may 2023 13:11 (UTC +04:00)

Bu ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yatağları bloku üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 372 milyon dollar əsaslı məsrəflər xərclənilib (ümumi 487 milyon dollar – red.).

APA-Economics”in BP-nin illik hesabatına istinadən verdiyi xəbərə görə, rüb ərzində “Azəri Mərkəzi Şərqi” (ACE) platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınmış və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılıb. Qurğu bütün istismar sınaqları bitdikdən sonra 16 mart tarixində dənizə yola salındı və artıq platformanın üst modullarını qəbul etməyə hazırdır.

“Dayaq blokunun sualtı konstruksiyalarının və qovşaqlarının quraşdırılması işləri hazırda 94% tamamlanıb”, - hesabatda qeyd olunur.

ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu işlərin 2023-cü ilin ikinci rübündə başa çatacağı gözlənilir.

Bütün istismar sınaqları bitdikdən sonra üst modullar STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və AÇG yatağı sahəsində artıq öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq.

Birinci rübdə həmçinin sualtı izolyasiya konstruksiyası işə salınmışdır və boruların üst modullarda izolyasiyası işləri tamamlanmışdır. Dalğıc gəmisi mövcüd 30-düymlük qovşağın birləşdirilməsini başa çatdırmış, “Sitadel” gəmisi isə izolyasiya konstruksiyasının istiqamətinin dəyişdirilməsinə başlayıb.

Mərkəzi Azəri platformasında ACE üçün nəzərdə tutulmuş telekommunikasıyaların modifikasiyası üzrə dəniz tikinti işlərinə başlanılıb.

“Rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 86% tamamlanıb”, - hesabatda vurğulanır.

2023-cü ilin ilk üç ayında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etdirilib – gündə orta hesabla 386 000 barel və ya ümumilikdə təxminən 35 milyon barel, yəni 5 milyon ton olub.

Rübün sonunda AÇG-də ümumilikdə 139 neft hasilat quyusu, 42 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Birinci rüb ərzində AÇG-də 2 neft hasilatı və 2 su injektor quyusu tamamlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR