Almaniya Rusiyadan kömür və neft idxalını dayandıracağı vaxtı açıqlayıb

Almaniya Rusiyadan kömür və neft idxalını dayandıracağı vaxtı açıqlayıb
# 13 iyul 2022 11:35 (UTC +04:00)

Almaniya Rusiyadan kömür və neft idxalını tamamilə dayandıracağı vaxtı açıqlayıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın maliyyə nazirinin müavini Jörg Kukies Sidneydə Avstraliya hökuməti və Beynəlxalq Enerji Agentliyinin təşkilatçılığı ilə keçirilən forumda deyib.

Onun sözlərinə görə, Almaniya Rusiyadan avqustun 1-dən etibarən kömür, dekabrın 31-dən isə neft almağı dayandıracaq.

“Sovet imperiyasının Şərqi Avropa üzərində təsir aləti olan “Drujba” boru kəmərinin tarixini bilən hər kəs üçün bu asılılıqdan qurtulmaq əhəmiyyətsiz məsələ deyil və biz buna bir neçə ay ərzində nail olacağıq”, - Kukies bildirib.

Nazir müavini vurğulayıb ki, Rusiya əvvəllər Almaniyanın kömür və neft ehtiyaclarının 40%-ni təmin edirdi.

Kukies əlavə edib ki, Avropa İttifaqının Rusiyadan hər il tədarük etdiyi 158 milyard kubmetr qazdan imtina zamanı yaranacaq böyük boşluğu doldurmaq əsas problem olacaq.

Onun sözlərinə görə, Almaniya xalis sıfır tullantılara – “yaşıl enerji”yə keçidə fokuslanmasına və bu yaxınlarda bərpa olunan enerji layihələrinin inkişafını sürətləndirmək üçün qanunlar qəbul etməsinə baxmayaraq, təbii qaz bu dəyişiklik prosesi üçün vacib olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR