Avropa Komissiyası: CQD-nin strateji əhəmiyyəti fonunda Azərbaycanla əməkdaşlığımızı intensivləşdirməyə çalışırıq - EKSKLÜZİV

Avropa Komissiyası: CQD-nin strateji əhəmiyyəti fonunda Azərbaycanla əməkdaşlığımızı intensivləşdirməyə çalışırıq - EKSKLÜZİV
# 14 iyul 2022 16:17 (UTC +04:00)

Biz Cənub Qaz Dəhlizinin (CQD) strateji əhəmiyyəti fonunda Azərbaycanla əməkdaşlığımızı intensivləşdirməyə çalışırıq.

Bunu APA-nın sorğusuna cavab olaraq Avropa Komissiyasının mətbuat xidmətindən bildirilib.

Mətbuat xidməti Avropa Komissiyasının Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz idxalını artırmaq üçün Azərbaycanla saziş və qazın həcmini artırmaq üçün boru kəmərinin genişləndirilməsinə dəstək vermək təklifi barədə xəbəri şərh etməyib.

“Komissarlar Kollegiyası tərəfindən təsdiqlənməmiş sızdırılmış sənədləri şərh etmirik”, - vurğulanıb.

Bildirilib ki, REPowerEU Planı ilə yanaşı, may ayında dərc edilmiş xarici enerji strategiyasında qeyd edildiyi kimi, Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti fonunda Azərbaycanla əməkdaşlığı intensivləşdirməyə çalışırlar: “Bu, açıq-aydın Rusiya yanacağından uzaqlaşmaq səylərimizin bir hissəsidir. Trans-Adriatik Boru Kəmərinin (TAP) gücünün genişləndirilməsi Avropa İttifaqı və Qərbi Balkan ölkələrinə qaz tədarükünü artıracaq”.

O da xatırladılıb ki, Azərbaycan və Aİ arasında enerji sahəsi üzrə əməkdaşlığı müzakirə etmək üçün Aİ-nin Enerji məsələləri üzrə komissarı Kadri Simson bu ayın sonunda Azərbaycana səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR