Azərbaycan elektrik enerjisi istehsalı gücündə alternativ mənbələrin payını artıracaq

Azərbaycan elektrik enerjisi istehsalı gücündə alternativ mənbələrin payını artıracaq
  • Clock-gray 16:05
  • calendar-gray 19 Sentyabr 2019

Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırmaq planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda ölkənin elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı isə təqribən 8%-dir.

P. Şahbazov qeyd edib ki, ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7 546 MVt-dır. İri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü isə 1 276 MVt-dır. Bu da ümumi gücün 17%-ni təşkil edir. Elektrik enerjisinin 92%-i təbii qazdan istifadə edərək əldə edilir.

Nazir onu da bildirib ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi işlənilib. Qanun layihəsinə hazırda müvafiq dövlət qurumlarında baxılır, razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək.

“Avropa, Çin, Yaponiya, Türkiyə, Cənubi Koreya, ərəb ölkələrindən şirkətlər bizimlə əməkdaşlıq etməyə  hazırdırlar və biz bu əməkdaşlığın ölkəmiz üçün faydalı olması üçün səy göstəririk. Bəzi şirkətlər ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində iri həcmli investisiya layihələri həyata keçirmək üçün təkliflərini təqdim ediblər. Bu təkliflər hazırda öyrənilir və ölkə üçün əlverişliliyi  dəyərləndirilir”, - deyə, nazir qeyd edib.

Əlavə edilib ki, əgər Azərbaycan bərpa olunan enerji mənbələrindən il ərzində 1 mlrd. kVt-saat elektrik enerjisi istehsal edə bilsə, bu ildə, təxminən, 245 mln. kubmetr təbii qaza qənaət etməyə imkan verəcək.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date