Azərbaycan neft hasilatını azaldıb, qaz hasilatını isə artırıb

Azərbaycan neft hasilatını azaldıb, qaz hasilatını isə artırıb
# 16 sentyabr 2019 11:52 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda xam neft hasilatı azalıb, əmtəəlik qaz hasilatı isə artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, cari ilin yanvar-avqust aylarında Azərbaycanda xam neftin (qaz kondensatı daxil olmaqla) hasilatı 25,17 mln. ton təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2,4% azdır.

Qeyd edək ki, Azərbaycanda hasil edilən neftin böyük hissəsi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokunun payına düşür. Bu ilin aprelində AÇG blokunda yerləşən "Mərkəzi Azəri" platformasında planlaşdırılmış təmir işləri səbəbindən hasilat dayandırılmışdır və bu da ölkədə neft hasilatının azalmasına öz təsirini göstərib.

Bundan başqa, 2019-cu ilin yanvar-avqust aylarında ölkədə 23,07 mlrd. kubmetrə qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,1% çoxdur. Ölkədə hasil edilən “mavi” yanacağın 15,86 mlrd. kubmetri əmtəəlik qazın payına düşüb (artım 30,9%).

Azərbaycanda qaz hasilatının kəskin artması “Şahdəniz” yatağının ikinci mərhələsinin reallaşdırılması ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR