Azərbaycanda iki unikal gəminin tikintisi gələn il başa çatdırılacaq 

Azərbaycanda iki unikal gəminin tikintisi gələn il başa çatdırılacaq 
# 24 iyul 2019 16:18 (UTC +04:00)

Bakı Gəmiqayırma Zavodu tərəfindən inşa olunan iki ədəd unikal "Ro-Pax" tipli gəmi-bərələri növbə ilə 2020-ci ilin sonuna kimi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) təhvil veriləcəyi gözlənilir.

Zavoddakı etibarlı mənbənin "APA-Economics"ə verdiyi məlumata görə, unikal dizayna malik gəmilərin inşası qrafikə uyğun olaraq davam etdirilir.

Mənbənin sözlərinə görə, ilk gəminin 2020-ci ilin sentyabrında, digərinin isə həmin ilin sonunadək təhvili planlaşdırılır.

Uzunluğu 154,5 metr, eni 17,7 metr olacaq gəmilərin sürəti 14 uzelə çatacaq. Gəmilər 56 çən, 46 yarımvaqon, 44 yük vaqonu, 50 yük maşını və 100 sərnişin daşıya biləcək. Heyət sayı isə 30 nəfərdən ibarət olacaq.

Yeni nəsildən olan bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb.

Xəzərdə ilk olan yeni Ro-Pax/Bərə tipli gəmilərin tikintisi Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhəmiyyətə malikdir.

Gəmi-bərələrin tikintisi üzrə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Bakı Gəmiqayırma Zavodu arasında müqavilə 2016-cı ilin oktyabrında imzalanıb, ilk polad lövhələrin kəsimi isə 2017-ci ilin martında həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR