Azərbaycanda son 15 ildə neft hasilatı dinamikasının tendensiyası - AZALMA

Azərbaycanda son 15 ildə neft hasilatı dinamikasının tendensiyası - AZALMA
# 08 iyun 2023 13:03 (UTC +04:00)

Azərbaycanda son 15 ildə (2008-2022 illər) neft hasilatı 11,9 mln. ton və ya 26,7% azalıb, bu da xarici şirkətlərlə birlikdə həyata keçirilən layihələr üzrə neft istehsalının düşməsi ilə birbaşa əlaqəlidir.

Bu barədə “APA-Economins” SOCAR-ın illər üzrə göstəriciləri əhatə edən məlumatları üzrə aparılmış hesablamalara əsasən xəbər verir.

Məlumata görə, əgər 2013-cü ildə respublika üzrə neft hasilatı 44,6 mln. ton təşkil edirdisə, 2022-ci ildə bu göstərici 32,7 mln. tona enib və bu da hesabat dövründə qeydə alınan ən aşağı göstəricidir. Hesabat dövründə neft hasilatı üzrə pik göstərici – 50,8 mln. ton, 2010-cu ildə qeydə alınıb.

Hesablamalara əsasən, son on il ərzində xarici şirkətlərlə birlikdə həyata keçirilən layihələr üzrə neft hasilatı 11 mln. ton və ya 30,6% azalıb. Belə ki, qeyd olunan fəaliyyət üzrə neft hasilatı 2013-cü ildəki 35,9 mln. tondan 2022-ci ildə 24,9 mln. tonadək enib.

Bundan əlavə, ölkə üzrə neft hasilatının azalmasında SOCAR-ın da payını göstərmək lazımdır. Hesabat dövrümdə (2008-2022-ci illər) şirkət üzrə hasilatı 0,9 mln. ton və ya 10,3% azalaraq, 8,7 mln. tondan (2008-ci ildə) 7,8 mln. tonadək (2022-ci ildə) enib.

Qeyd etmək lazımdır ki, ölkədə neft hasilatının enməsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda neft hasilatının təbii azalması (yataqların qocalması nəticəsində - red.) ilə bağlıdır.

Hazırda AÇG-də hasilatın stabilləşdirilməsi məqsədi ilə "Azəri Mərkəzi Şərqi” (ACE) platforması tikilir. ACE-dan ilk neftin çıxarılması 2024-cü ilin əvvəlinə gözlənilir.

Altı milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 mln. barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR