Azərbaycanın kimya sənaye məhsulları ixracı 2 dəfə artıb

Azərbaycanın kimya sənaye məhsulları ixracı 2 dəfə artıb
# 10 noyabr 2022 13:11 (UTC +04:00)

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,4 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on ayı ilə müqayisədə 16,2% artıb.

"APA-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayına əsasən xəbər verir. Məlumata görə, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 24,5%, çay ixracı isə 48,9% artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 672,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,5%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% artıb.

Bildirilib ki, 2022-ci ilin oktyabr ayı üzrə ixrac 5,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 269,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 73 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 17,5% artaraq 196,2 milyon ABŞ dollarına bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR