Azərbaycanın müasir neft və qaz sənayesində qazma işlərində yeni dövrün başlanğıcı

Azərbaycanın müasir neft və qaz sənayesində qazma işlərində yeni dövrün başlanğıcı
# 08 sentyabr 2019 12:22 (UTC +04:00)

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı. Nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında ən böyük silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün gərgin əmək sərf edib. Seçilən düzgün yol, aparılan gərgin iş öz bəhrəsini verdi. 1994-cü ilin 20 sentyabrında Bakı şəhərinin “Gülüstan” sarayında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan saziş imzalandı. Bakıda dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynayıb. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərdi.

Tarixi hadisə

Tarixi neft sazişi 1994-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunaraq qüvvəyə minib. Bununla da, yeni neft strategiyası və doktrinasının uğurla həyata keçirilməsinə start verilib. Dərin bir inam və uzaqgörənliklə işlənib hazırlanan bu böyük layihə özünü tamamilə doğruldub, təkcə iqtisadi nəticələrinə görə deyil, həm siyasi, həm də sosial rifah mülahizələri baxımından əsl təməl rolunu oynayıb. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Əsrin müqaviləsi” məhz Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından irəli gəlmiş tarixi hadisədir. Biz sübut etdik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz sübut etdik ki, Azərbaycana xarici sərmayənin gəlməsi və istifadə olunması üçün burada bütün imkanlar yaradılıbdır. Biz sübut etdik ki, Azərbaycana gələn hər bir iş adamı, şirkət, vətəndaş burada azad, sərbəst, rahat işləyə və yaşaya bilər. Biz bu müqaviləni imzaladıq və sübut etdik ki, Azərbaycan xalqının milli mənafeləri üçün çalışırıq və ona görə də bu cür nailiyyətləri əldə etməyə qadirik”.

Bu müqavilə sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə Azərbaycan dövlətinin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı.

2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, Chevron, Inpex, Statoil, ExxonMobil, TP, Itochu və ONGC Videsh şirkətlərinin rəsmiləri imzalayıb. Sazişə əsasən BP layihənin operatoru olaraq qalıb. Bu saziş 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin davamı olaraq müasir Azərbaycanın həyatında çox əlamətdar və tarixi bir hadisə oldu. Bununla da “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlandı.

Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalandı. Bu Sazişin “Yeni Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. Sazişin bir hissəsi olaraq SOCAR-ın “Azəri-Çıraq-Günəşli”dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində “Azəri-Çıraq-Günəşli”yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Yeni imkanlar

Bu gün “Əsrin müqaviləsi” Azərbaycan qarşısında yeni imkanlar yaradıb. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı, icra edilən uğurlu layihələr sayəsində bu gün Azərbaycan nefti və qazı artıq dünya bazarlarına çıxır və ölkəmiz beynəlxalq mövqelərini daha da möhkəmləndirir. Aparılan uzaqgörən siyasət nəticəsində ötən 25 il ərzində Azərbaycanın milli maraqları tam şəkildə təmin olunub. Müstəqil respublikamız son illər iqtisadi cəhətdən daha da güclənib, dünya birliyinin lider dövlətlərindən birinə çevrilib. Bütün bunlar isə Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirən Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə, zərgər dəqiqliyi ilə işləyib hazırladığı, müəllifi olduğu yeni neft strategiyasından, “Əsrin müqaviləsi”ndən qaynaqlanır. Göründüyü kimi, güclü, qüdrətli Azərbaycan quruculuğu yolunda davam etdirilən qlobal neft-qaz və nəqliyyat layihələri, Dövlət proqramları da ən ümdə məqsədə - ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına xidmət edir.

Dünyada rəqabət apardığımız sahə

“Əsrin müqaviləsi” Azərbaycanda neft və qaz sənayesində qazma işlərində də yeni mərhələnin başlanğıcını qoyub. Keçmişə nəzər salsaq, 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınıb. Məhz Azərbaycanın neft sənayesinin inkişafı da həmin dövrdən başlayıb. Sonrakı dövrlərdə də Azərbaycan dünyada özünün neft sənayesi, peşəkar neftçiləri ilə tanınıb. Lakin xalqımız heç vaxt müstəqillik illərindəki kimi, bu təbii sərvətinin sahibi olmayıb.

2017-ci il noyabrın 8-də xalqımız Azərbaycanda iki milyard ton neftin hasil olunmasını qeyd etdi. Əlbəttə, bu mühüm tarixi nailiyyət ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli neft strategiyasının uğurlu icrası nəticəsində mümkün olub.

1971-ci ildə Heydər Əliyevin iştirakı ilə Azərbaycanda bir milyard ton neftin çıxarılması münasibətilə tədbir keçirilib. Məhz ümummilli lider Heydər Əliyev tərəfindən 1970-1980-cı illərdə Azərbaycanda neft sənayesinin inkişafı üçün çox ciddi addımlar atılıb. O vaxt neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi, neftayırma zavodunun rekonstruksiyası və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində o illərdə 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, o cümlədən 2500 ton gücündə “Azərbaycan” kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növlərinin, dənizin 200 metr dərinliyində işləməyə imkan verən “Xəzər” tipli özüqalxan, "Şelf" tipli üzən qazma qurğularının alınması dənizin daha dərin qatlarında zəngin neft və qaz yataqlarının kəşfinə imkan yaratdı. Nəticədə neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artdı.

Sonrakı illərdə bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də tənəzzül dövrü başladı. Xüsusən müstəqilliyimizin ilk illərdə Azərbaycan iqtisadiyyatına, Azərbaycan sənayesinə, o cümlədən neft sənayesinə ağır zərbələr vuruldu. Lakin öncə də qeyd etdiyimiz kimi, Heydər Əliyevin hakimiyyətə qayıdışı və onun müdrikliklə reallaşdırdığı neft strategiyası, 1994-cü ildə “Əsrin müqaviləsi”nın imzalanması bu dönüş nöqtəsi oldu.

Təkcə onu qeyd etmək kifayətdir ki, bu gün Azərbaycan bu sahədə beynəlxalq səviyyədə rəqabət aparan şirkətlə təmsil olunur.

SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır. Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015; ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb.

2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb. Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.

Məhz SOCAR AQŞ tərəfindən ölkəmizdə neft-qaz sənayesinin inkişafı sayəsində 5-6 min dərinlikli quyuların qazılması həyata keçirilir, qazma prosesi daha dərin qatlara qədəm qoyub. “İstiqlal” qazma qurğusu 200 milyon ABŞ dolları və 1200 mütəxəssis əməyi hesabına bərpa edilərək dənizin 700 metrliyində, 7600 metr dərinlikdə quyu qazılmasını reallaşdırır.

2018-ci ilin fevralında SOCAR AQŞ Banqladeşdə qaz yataqlarının kəşfi məqsədi ilə keçirilən qazma əməliyyatlarında tenderin də qalibi olub...

Qeyd: Yazı “SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR