Azərbaycanla ACWA Power arasında əməkdaşlıq sənədləri imzalanıb

Azərbaycanla ACWA Power arasında əməkdaşlıq sənədləri imzalanıb
# 03 fevral 2023 17:59 (UTC +04:00)

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.

"APA-Economics" xəbər verir ki, energetika naziri Pərviz Şahbazov deyib ki, bu gündən “ACWA Power” şirkəti ilə tərəfdaşlığımız ümumi gücü 2,5 QVt olan külək elektrik stansiyaları və ölkəmizdə ilk dəfə olaraq enerji saxlanc sistemlərinin yaradılması üzrə layihələrlə genişlənir: "Bu layihələr Azərbaycanın “yaşıl artım” ölkəsi və “yaşıl enerji” təchizaçısı kimi inkişafına dair dövlət siyasətinin həyata keçirilməsinə növbəti töhfələrdir. “ACWA Power” ilə birgə fəaliyyətimiz Xəzərdən Avropaya planlaşdırılan yaşıl enerji dəhlizi üçün yeni gücləri təmin etməklə bərabər, karbon emissiyalarının azaldılması, enerji keçidinin sürətləndirilməsi üçün də əhəmiyyətlidir.”

"ACWA Power" şirkətinin sədri Mohammad Abunayyan bildirib: “Azərbaycan müdrik və uzaqgörən rəhbərlik altında daha təmiz, daha davamlı gələcəyə doğru irəlilləyir. Biz “ACWA Power” şirkəti olaraq azərbaycanlı tərəfdaşlarımızla olan münasibətlərimizi yüksək qiymətləndiririk və bu gün yeni sazişlərin imzalanması ilə ölkənin enerji transformasiyasının sürətləndirilməsində rolumuzu genişləndirməkdən məmnunuq.”

Qeyd edək ki, hazırda “ACWA Power” şirkəti ilə 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının inşası üzrə əməkdaşlıq edilir.

Zümrüd Paşkin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR