"Azəri Mərkəzi Şərqi" layihəsi üzrə işlərin 70%-i tamamlanıb - BP

"Azəri Mərkəzi Şərqi" layihəsi üzrə işlərin 70%-i tamamlanıb - BP
# 05 may 2022 13:09 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarının işlənilməsi çərçivəsində bu ilin birinci rübündə “Azəri Mərkəzi Şərqi” (ACE) plantormasının tikintisi layihəsi BP-nin Azərbaycanda icraçısı olduğu digər fəaliyyətlərlə yanaşı plana uyğun şəkildə irəliləyib.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin birinci rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib.

“Rüb ərzində bu tikinti sahəsində bir sıra iri avandanlıqların qaldırılması əməliyyatları tam təhlükəsiz icra olunub. Bu avadanlıqlara əsas enerji generatorunun buraxıcı qurğusu, məşəl qülləsinin özül hissəsi və qazvurma kompressoru daxildir. Bundan əlavə, obyekt düşmə qurğusu və üst modulların göyərtəaltı platforması bütün boru bağlantıları və avadanlığı ilə birlikdə yerinə quraşdırılıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, qazma borularının yığılması və yerdə hidrosınağı başa çatmaq üzrədir, üst modulları borularının yığılması qrafiki qabaqlayaraq irəliləyir. Qazma modulunun yerdə istismar sınaqları davam edib, bəzi hissələrin isə funksiyasının sınaqları artıq bitib. Qazma modulunun yığıldığı yerdən ayrılması, dayaq domkratı ilə qaldırılması və sürüşdürmə qurğusu vasitəsilə bütövlükdə üst modulların üzərinə hərəkəti üçün planlaşdırma işləri davam edib. Bu əməliyyatın icrası ilin ikinci rübünə planlaşdırılır. Üst modulların istismar sınaqları davam edib, fövqəladə vəziyyətləri idarəetmə lövhəsi cərəyana qoşulub, yaşayış blokunun idarəetmə otağı və batareya ötürücü otaqları istismar sınaqlarına təhvil verilib.

Qeyd olunub ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi davam edib. Bu qurğu üçün son əsas qaldırma əməliyyatı olan şərq qülləsi çərçivəsi təhlükəsiz şəkildə dayaq blokunun üzərinə qaldırılıb. Növbəti çərçivə olan 7-ci çərçivənin bükülmədən sonra mərkəzi qutuya qaynağı başa çatıb, qüllə çərçivələrinin bükülmədən sonra dayaq blokunun üzərinə qaynaq edilməsi işləri davam edib.

ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi ala bilməsi ilə bağlı Şərqi Azəri platformasında aparılan quraşdırma işləri də rüb ərzində davam edib. ACE əməliyyatlarının qurudan idarə olunması üçün Səngəçal terminalında modifikasiya tikinti işlərinə başlanılıb.

Birinci rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 70% tamamlanıb. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR