Bu ilin yanvar-avqust aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 64,5%-i (1 620 000 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək, 12 qəpik) keçməyib.
“APA-Economics” xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Abonentlərə xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
Onun sözlərinə görə, hesabat dövründə abonentlərin 31,6%-i (794 143 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində, 20 qəpik) yararlanıb.
Vüqar Səmədov əlavə edib ki, hesabat dövründə 98 000 abonent (ümumi abonentlərin 3,9 %-i) 25 qəpiklik tarifdən istifadə edib.
“Azəriqaz” nümayəndəsi onu da qeyd edib ki, hazırda “Azəriqaz”ın əhali qrupuna aid olan abonentlərin sayı 2 513 min təşkil edir.
Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.