"Azəristiliktəchizat": Payız-qış mövsümünə hazırlıqla bağlı işlərin icrası başa çatdırılıb

"Azəristiliktəchizat": Payız-qış mövsümünə hazırlıqla bağlı işlərin icrası başa çatdırılıb
# 15 noyabr 2022 11:29 (UTC +04:00)

"Azəristiliktəchizat" ASC-nin istilik təsərrüfatlarında istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz istilik enerjisi ilə təmin edilməsi məqsədi ilə 2022-2023-cü illər payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrası başa çatdırılıb.

"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, Tədbirlər Planı çərçivəsində 1002,2 km istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 12,7 km istilik xətləri əsaslı təmir olunub.

Bundan başqa, 1280 ədəd odluq, 397 dəst istilik mübadilə aparatları, 3026 ədəd nasos, 15486 ədəd müxtəlif diametrli siyirtmələr, 3179 ədəd mühərrik, 538 ədəd elektrik, 538 ədəd nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1214 ədəd genişləndirici çən, 1862 ədəd qoruyucu klapan və 2341 ədəd əks klapan, 9150 ədəd ventil, 607 ədəd ehtiyat su çəni, 538 ədəd qaz təsərrüfatına aid avadanlıq və qurğular təftiş olunub.

İ. Mirzəliyevin sözlərinə görə, 1348 ədəd dirsək, 250 ədəd siyirtmə, 316 ədəd ventil, 9 ədəd nasos yenisi ilə əvəz edilmiş, 41 qazan aqreqatı, 15 ədəd nasos, 190 ədəd siyirtmə, 28 ədəd mühərrik əsaslı təmir edilib; 780 ədəd qazan aqreqatı, 1474 ədəd nasos, 8715 ədəd siyirtmə, 1624 ədəd mühərrik cari təmir edilib, 1048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş yaxud 100% işlər icra edilib, həmçinin 94 ədəd qazan aqreqatı və 64 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib.

"İstilik xətlərində 4854,09 m2 istilik örtük qatı təmir olunub, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənib, qazanların 710,2 m2 kərpic örtüyü, 475,8 m2 izolyasiya örtüyü bərpa edilib; 632 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və digər zəruri işlər görülüb", - deyə İ.Mirzəliyev qeyd edib.

O əlavə edib ki, həyata keçirilmiş tədbirlər mövsüm ərzində ASC-yə məxsus 564 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184,0 minə yaxın mənzil, 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə müəssisəsi və 2230 digər sosial və təsərrüfat obyektlərinin fasiləsiz və etibarlı istiliklə təmin olunmasına imkan verəcək.

Əvvəlki illərlə müqayisədə "Azəristiliktəchizat" ASC-nin fəaliyyəti dövründə istilik mənbələri və istiliklə təmin olunan obyektlərin sayında kifayət qədər artım qeydə alınıb. Belə ki, ASC-yə məxsus qazanxanaların sayı 166-dan 564-ə çataraq 3,4 dəfə, yaşayış binalarının sayı 988-dən 3871-ə çataraq 3,9 dəfə, məktəblərin sayı 146-dan 287-ə çataraq 2,0 dəfə, uşaq bağçalarının sayı 84-dən 162-yə çataraq 1,9 dəfə, səhiyyə obyektlərinin sayı 61-dən 152-ə çataraq 2,5 dəfə, digər sosial və təsərrüfat obyektlərinin sayı isə 91-dən 2224-ə çataraq 24,4 dəfə artım əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR