"Azfen" şirkəti "Mərkəzi-Şərqi Azəri" platformasının üst tikililərini inşa edəcək

"Azfen" şirkəti "Mərkəzi-Şərqi Azəri" platformasının üst tikililərini inşa edəcək
# 29 avqust 2019 12:53 (UTC +04:00)

SOCAR-ın və Türkiyənin “Tekfen İnşaat” şirkətinin birgə müəssisəsi olan “Azfen” Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) su yataqlar bloku üçün yeni platformasının quraşdırılması çərçivəsində üst tikililərinin inşasını həyata keçirəcək. Bu barədə "APA-Economics"ə “Azfen”dən bildirilib.

“Bu layihə ancaq platformanın (“Mərkəzi-Şərqi Azəri”) üst tikililəri (qazma modulu, xidmət və yaşayış bölmələrinin tikintisi və təhvili) əhatə edir”, - deyə şirkətdən qeyd ediblər.

“Tekfen İnşaat”ın məlumatına əsasən, layihənin ümumi dəyəri 486,3 mln. ABŞ dolları təşkil edir. Layihə 38 ay müddətində reallaşdırılacaq. “Azfen” şirkətində iştirak payına uyğun olaraq, “Tekfen İnşaat”ın sözügedən layihədə payı 194,5 mln. dollardır.

Xatırladaq ki, 6 mlrd. dollarlıq “Mərkəzi-Şərqi Azəri” layihəyəsinə yeni dəniz platforması və gündəlik 100 min barel neft hasilatını təmin edəcək qurğular daxildir. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8 000 işçinin cəlb olunacağı gözlənilir. Platformanın istismar müddəti ərzində 300 mln. barel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlanılması 2023-cü ildə gözlənilir.

Qeyd edək ki, “Mərkəzi-Şərqi Azəri” AÇG-nin müqavilə ərazisinin işlənməsinin növbəti mərhələsini təşkil edir. Bu layihənin məqsədi əlavə quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.

“Mərkəzi-Şərqi Azəri” layihəsinin suyun, təxminən, 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, “Şərqi Azəri” platformasından “Mərkəzi-Şərqi Azəri” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarət olması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR