Baş Nazir: Artıq Azərbaycan regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrilib

Baş Nazir: Artıq Azərbaycan regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrilib
# 17 mart 2023 11:33 (UTC +04:00)

“Azərbaycan Prezidentinin səyləri nəticəsində son dövrlərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminində və nəqliyyat dəhlizlərinin inkişafında rolu daha da artıb”.

APA-nın xəbərinə görə, bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.

Baş nazir deyib ki, artıq Azərbaycan regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrilib: “Cənub Qaz Dəhlizi vasitəsilə hesabat ili ərzində ümumilikdə 21 mlrd., o cümlədən Avropaya 11,4 mlrd. kubmetr qaz ixrac edilib. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanıb. Sənədə əsasən, 2027-ci ilədək TANAP-la qaz nəqlinin indiki 16 milyard kubmetrdən 31 milyard kubmetrə, TAP-la isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Bütün bunlar Avropanın qaz bazarında Azərbaycanın rolunun artırılması məqsədinə xidmət edir.

Eyni zamanda Azərbaycan böyük bərpaolunan enerji potensialına malikdir ki, bu potensial külək və günəş enerjisində cəmləşib. Prezident İlham Əliyevin uğurlu enerji siyasətinin nəticəsində bu istiqamətdə mühüm işlər görülür.

O cümlədən ötən il Dövlət başçısının iştirakı ilə “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının və “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasının təməlqoyma mərasimləri keçirilib.

2022-ci ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Saziş bu istiqamətdə atılan mühüm addımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR