Bolqarıstanın Baş naziri qazla bağlı danışıqlar üçün Bakıya gələcək

Kiril Petkov

© APA | Kiril Petkov

# 14 iyun 2022 14:16 (UTC +04:00)

Bolqarıstanın Baş naziri Kiril Petkov yay aylarında yeni Bolqarıstan-Yunanıstan birləşdirici qaz kəməri (Interconnector Greece – Bulgaria - IGB) vasitəsilə Azərbaycan qazının tədarükünün başlanmasını gözləyir.

APA-Economics”in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kiril Petkov Veliko Tırnovoda keçirdiyi brifinq zamanı bildirib.

“Təchizat həcmini təsdiqləmək üçün bu həftə Bakıya səfər edəcəyəm”, - deyə Baş nazir qeyd edib.

Onun sözlərinə görə, IGB işə salındıqdan sonra Bolqarıstan ildə 1 mlrd. kubmetr həcmində Azərbaycan qazı qəbul edə biləcək: “Gözləyirəm ki, iyul-avqust aylarında Bolqarıstana bir milyard kubmetr hazırda bazar qiymətindən bir neçə dəfə aşağı qiymətə qaz gələcək”.

Kiril Petkov diqqətə çatdırıb ki, ABŞ maye qazının tədarükü ilə bağlı uzunmüddətli müqavilə üzrə danışıqlar davam edir. "Biz ABŞ qazı ilə bağlı məsələni yekunlaşdırmamışıq. Biz ən yaxşı uzunmüddətli müqavilələrin hansı olduğunu düşünməyə davam edirik. Biz mayeləşdirilmiş və Azərbaycan qazının qarışığını yaratmağa çalışırıq. Orta qiymət "Qazprom"un qiymətindən daha yaxşı olsun ki, biz Bolqarıstan iqtisadiyyatının rəqabətədavamlı və şaxələndirilmiş qalacağına əmin olaq”, - deyə, baş nazir əlavə edib.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsinin (sonuncu dəfə müəyyən edilən istifadəyə verilmə tarixi – 2022-ci ilin iyul ayı) təxirə salınması səbəbindən (2020-ci ilin sonunda istifadəyə verilməli idi) Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir, bu da nəqletmə həcmlərini məhdudlaşdırır (Bolqarıstan müqavilə çərçivəsində nəzərdə tutulmuş qaz həcmlərini qəbul edə bilmir – red.).

IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.

Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR