BP: AÇG-də yeni quyunun qazılması hasilata heç bir təsir göstərməyəcək

BP: AÇG-də yeni quyunun qazılması hasilata heç bir təsir göstərməyəcək
# 24 yanvar 2023 15:58 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşli” (AÇG) strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun birbaşa qazılmasına cari ilin fevral ayında start veriləcək.

Bunu "APA-Economics"ə "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.

Xatırladaq ki, bir gün əvvəl AÇG layihəsinin operatoru olan BP şirkəti AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılması üçün əməliyyatlara başlanıldığını elan edib. A22z adlanan bu quyu “Çıraq” platformasından qazılacaq və mövcud A22 injektor quyusundan (su vurma quyusu – red.) yan lülə vasitəsilə AÇG strukturunun cənub cinahı ərazisindəki dərin qaz laylarına daxil olacaq.

Tamam Bayatlının sözlərinə görə, qazmaya hazırlıq işlərinə bu ilin yanvarın 15-dən başlanılıb və hazırda injektor quyusunun lazım olmayan (aşağı hissəsinin – red.) hissəsinin bağlanması və tərk olunması işləri aparılır. Hazırlıq işlərinin 20 gün ərzində aparılması planlaşdırılıb.

“Hazırlıq işləri bitdikdən sonra quyunun qazılmasına start veriləcək. Quyunun qazılmasına fevral ayının əvvəlində başlanılacaq”, - "BP-Azerbaijan" nümayəndəsi qeyd edib.

O əlavə edib ki, quyunun ümumi dərinliyi mövcud quyunun lazım olan üst hissəsi və yeni qazılacaq hissə ilə birlikdə 4 500 metr təşkil edəcək.

Tamam Bayatlı vurğulayıb ki, quyunun qazılması işləri “Çıraq” platformasında hasilat prosesinə heç bir təsir göstərməyəcək: “Belə ki yan lülənin qazılması üçün hasilata təsir göstərə bilməyəcək injektor quyusu seçilib”.

Məlumata əsasən, əgər uğurlu olarsa, quyudan əldə olunacaq məlumat həmin ərazinin strukturu və dərin laylardakı təzyiqlər haqqında anlayışların genişlənməsinə imkan verəcək. Quyunun qazılması təqribən üç ay çəkəcək. Bundan sonra quyuda geniş karotaj proqramı və təzyiq məlumatlarını qeydə almaq üçün ölçmə cihazlarının quraşdırılması da nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR