BP: AÇG-dən qaz ehtiyatlarının çıxarılması 2024-cü ildə müzakirə oluna bilər

BP: AÇG-dən qaz ehtiyatlarının çıxarılması 2024-cü ildə müzakirə oluna bilər
# 26 yanvar 2023 13:53 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz laylarından hər hansı ehtiyatların çıxarılmasından 2024-cü ildə söhbət gedə bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər şey yataqda qazılacaq qiymətləndirmə quyusunun verəcəyi nəticələrdən asılıdır. Yəni, bu istiqamətdə fəaliyyət quyunun qazılması başa çatdıqdan, məlumatların interpretasiyası aparılıb nəticələr əldə olunduqdan sonra müəyyən olunacaq.

“Hər şeyin uğurlu gedəcəyi təqdirdə, 2024-cü ildə artıq ordan hər hansı ehtiyatların çıxarılmasından söhbət gedə bilər", - Bəxtiyar Aslanbəyli bildirib.

Nəticələrin uğurlu olduğu halda, dərin qaz laylarının hansı müqavilə çərçivəsində (köhnə və ya təzə - red.) işlənəcəyi ilə bağlı suala cavab verən Bəxtiyar Aslanbəyli qeyd edib ki, bu məsələ AÇG layihəsi üzrə bütün tərəfdaşlarla müzakirə olunduqdan sonra müəyyən ediləcək.

Qeyd edək ki, AÇG layihəsinin operatoru olan BP şirkəti AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılması üçün əməliyyatlara başlanıldığını elan edib. A22z adlanan bu quyu “Çıraq” platformasından qazılacaq və mövcud A22 injektor quyusundan (su vurma quyusu – red.) yan lülə vasitəsilə AÇG strukturunun cənub cinahı ərazisindəki dərin qaz laylarına daxil olacaq. Quyunun qazılmasına fevral ayının əvvəlində start veriləcək. Əgər uğurlu olarsa, quyudan əldə olunacaq məlumat həmin ərazinin strukturu və dərin laylardakı təzyiqlər haqqında anlayışların genişlənməsinə imkan verəcək. Quyunun qazılması təqribən üç ay çəkəcək. Bundan sonra quyuda geniş karotaj proqramı və təzyiq məlumatlarını qeydə almaq üçün ölçmə cihazlarının quraşdırılması da nəzərdə tutulub.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR