BP Azərbaycanda inklüziv cəmiyyətin inkişafı ilə bağlı layihələrə start verir

BP Azərbaycanda inklüziv cəmiyyətin inkişafı ilə bağlı layihələrə start verir
# 14 mart 2023 15:01 (UTC +04:00)

Bu gün BP Azərbaycandakı layihələrindəki tərəfdaşları adından üç sosial sərmayə layihəsinin tamamlanmasını və inklüziv cəmiyyətin inkişafı üçün təhsil və bacarıqların artırılması üzrə innovativ yanaşmaları təşviq edən iki yeni sosial təşəbbüsün başlanmasını elan edib.

"APA-Economics" xəbər verir ki, layihələrin əsas məqsədi ən qabaqcıl təcrübələri formalaşdırmağa və əlilliyi olan şəxslərin sosial inteqrasiyası üçün ən yaxşı həll yollarını müəyyənləşdirməyə kömək etməkdir.

"Tərəfdaşlarımızla birlikdə sosial sərmayə layihələrimiz vasitəsilə inklüziv cəmiyyətin prinsiplərini təbliğ edərək əlilliyi olan insanların inteqrasiya imkanlarını fəal şəkildə təşviq etmək niyyətindəyik. Uğurla başa vurduğumuz üç layihənin və bu gün elan etdiyimiz yeni layihələrin ortaq bir məqsədi var – münasibətlərdə, dəyərlərdə və düşüncələrdə heç bir sosial təcridə yol verməyən bir cəmiyyətin formalaşmasına yardım etmək. Ən əsası isə, biz ümid edirik ki, iki yeni layihəmiz vasitəsilə bu sosial dəyişikliyin miqyasının və əhatə dairəsinin genişlənməsinə və kənd icmalarında inklüziv təhsil barədə məlumatlılığın artmasına kömək edəcəyik. İnanırıq ki, inklüziv cəmiyyətin təşviqinə töhfə verməklə biz ölkənin davamlı inkişafına dəstək vermiş oluruq. Bu inkişaf prosesində isə hər kəsin iştirakı və özünü dəyərli hiss etməsi vacibdir", - BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib.

Tamamlanmış ilk layihə autizmin qiymətləndirilməsi, diaqnostikası, reabilitasiyası və terapiyası üzrə ixtisaslaşan müxtəlif kateqoriyadan olan insanların - terapevtlər, nevroloqlar, uşaq psixiatrları, pediatrlar, qulluq edən şəxslər, peşə mütəxəssisləri, çoxsaylı yerli universitetlərdən seçilmiş tələbə könüllülər, müalicəvi idman mütəxəssisləri və s. kimi aidiyyətli şəxslərin bacarıqlarını artırmaq və biliklərini təkmilləşdirmək məqsədi daşıyırdı. Layihənin müddəti 20 ay, ümumi dəyəri isə təxminən 415 000 AZN ($244 118) təşkil edib. Layihə “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən yerinə yetirilib.

Layihənin uğuruna əsaslanaraq, onun əhatə dairəsini genişləndirməklə kənd icmalarında da autizm mütəxəssislərinin bacarıqlarının artırılmasına dəstək vermək qərarına gəlindi.

Yeni layihə Gəncə, Daşkəsən, Tovuz, Ağstafa, Goranboy, Samux və Şəmkir rayonlarını əhatə edəcək. Layihəyə autizm və müalicəvi idman mütəxəssisləri, könüllülər və autizmin qiymətləndirilməsi, diaqnostikası, reabilitasiyası və terapiyası ilə məşğul olan digər qruplar üçün xüsusi təlimlər daxildir. Gəncədə mərkəzləşəcək təlimlər beynəlxalq standartlara və təcrübələrə əsaslanan proqramlardan istifadə etməklə xarici və yerli ekspertlər tərəfindən aparılacaq. Layihənin müddəti bir il və dəyəri təxminən 98 000 AZN ($57 647) təşkil edir. Bu layihə də eyni təşkilat - “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən həyata keçiriləcək.

Tamamlanmış ikinci layihə əlilliyi olan uşaqların geniş cəmiyyətə inteqrasiyasının bir hissəsi olaraq idman və bədən tərbiyəsi ilə məşğul olması üçün imkanların yaradılmasına yönəlmişdi. Layihə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında inklüziv təhsilin effektiv forması olan hibrid (onlayn və oflayn) təhsil modelinin istifadəsini təşviq etmək üçün nəzərdə tutulmuşdu. Layihə həmçinin əlilliyi olan uşaqların abilitasiyası, reabilitasiyası və sosial inteqrasiyası sahəsində qabaqcıl beynəlxalq təcrübələri təşviq etmək məqsədi daşıyırdı. Layihənin müddəti 13 ay və dəyəri təxminən 77 100 AZN ($45 353) təşkil edib. Bu layihə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən həyata keçirilib.

Tamamlanmış üçüncü layihə isə məktəblərdə inklüziv təhsilin gücləndirilməsinə yönəlmişdi. Layihə ümumtəhsil məktəblərində inklüziv təhsil mühiti yaratmaq və əlilliyi olan uşaqların sosial inteqrasiyası ilə bağlı davranış dəyişikliyini təbliğ etməklə inklüziv təhsil mədəniyyətinin təşviq olunması üçün nəzərdə tutulmuşdu. Layihə Elm və Təhsil Nazirliyi tərəfindən seçilmiş dörd pilot məktəbi – Bakı şəhərinin 202 və 246 saylı məktəblərini, həmçinin Sumqayıt şəhərinin 4 və 21 saylı məktəblərini əhatə edib.

Bu səkkiz aylıq layihənin ümumi dəyəri təxminən 260 000 AZN ($152 941) təşkil edib. Layihə Regional İnkişaf İctimai Birliyi tərəfindən yerinə yetirilib.

Bu uğura əsaslanaraq, layihənin daha geniş miqyasda davam etdirilməsi qərara alınıb. 2-ci mərhələdə Bakı, Sumqayıt, Şirvan, Gəncə, Abşeron, Quba, Şəki, Qazax, Xaçmaz, Qəbələ və Ağcabədi də daxil olmaqla ölkənin müxtəlif yerlərindən seçilmiş 24 məktəb əhatə olunacaq. Layihə xüsusi hazırlanmış təlim proqramı vasitəsilə 250-yə yaxın məktəb müəlliminin inklüziv təhsil sahəsində nəzəri biliklərini və praktiki bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır.

Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcək bu yeni layihə müasir inklüziv təhsil siyasətini güclü şəkildə dəstəkləyir və Azərbaycanın təhsil sisteminin tərkib hissəsi kimi inklüziv təhsilin strateji inkişafını təşviq edir.

Bir il davam edəcək bu layihənin dəyəri 104 000 AZN-dən ($61 176) çoxdur. Layihənin icrası eyni təşkilat - Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçiriləcək.

Bundan əlavə BP əlilliyi olan şəxslərin cəmiyyətə inamla və effektiv şəkildə inteqrasiyasına töhfə vermək səylərinin bir hissəsi olan daha bir sosial sərmayə layihəsinin uğurla başa çatdığını elan edib.

Layihə DanceAbility® adlı beynəlxalq təlim metodu əsasında hazırlanıb. Layihənin məqsədi Danceability® metodunun təklif etdiyi universal ünsiyyət üsulları vasitəsilə əlilliyi olan şəxslərin müalicəsi və reabilitasiyasında inklüzivliyi təmin etmək idi.

Layihə çərçivəsində Bakı, Yevlax və Şirvandakı reabilitasiya mərkəzlərinin mütəxəssisləri üçün DanceAbility® metodu üzrə təlimlər təşkil olunub. Reabilitasiya mərkəzlərinin 52 əməkdaşı üçün ümumilikdə 28 olmaqla 14 onlayn və 14 oflayn DanceAbility® təlim sessiyası keçirilib. Təlim keçmiş bütün mütəxəssislər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini təmsil edirlər.

Təlim sessiyaları əsasən özünüifadə, özünəinam, kreativlik, ünsiyyət bacarıqları, empatiya, psixi və fiziki rifahın yaxşılaşdırılması və digər mövzuları əhatə edib.

Layihənin ümumi dəyəri 42 950 AZN ($25264) təşkil edib. Həmin məbləğə əsasən təlimlərin keçilməsi və səkkiz təlim videoçarxının hazırlanması xərcləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR