BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var
# 06 fevral 2023 13:03 (UTC +04:00)

Azərbaycanın güclü bərpa olunan enerji sektoru yaratmaq üçün nəhəng potensialı var.

APA-Economics” xəbər verir ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” adlı Azərbaycanda ilk universitet dərsliyininin təqdimatı zamanı bildirib.

“Ölkənin və əslində elə bp-nin və tərəfdaşlarımızın da əsas məqsədlərindən biri dünyanın daha təmiz enerjiyə keçidini sürətləndirməyə dəstək olmaqdır. Azərbaycanın güclü bərpa olunan enerji sektoru yaratmaq üçün nəhəng potensialı var. Bura “yaşıl” hidrogen, günəş və külək enerjisi resursları daxildir”, - Qəri Counz qeyd edib.

Onun sözləruinə görə, keçid prosesini səmərəli etmək və gələcəkdə ölkənin “yaşıl” iqtisadiyyatını səmərəli şəkildə idarə edə bilmək üçün yüksək ixtisaslı və səriştəli kadrların, o cümlədən bərpa olunan enerji mənbələri sahəsində ixtisaslaşmış mühəndislərin hazırlanmasına ehtiyac var.

Qeyd edək ki, bu gün BP öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” – adından bərpa olunan enerji mənbələri sahəsində yerli mühəndislər hazırlanmasının bünövrəsini qoyacaq ilk universitet dərsliyini təqdim edib.

Layihənin məqsədi Bakı Ali Neft Məktəbinin (BANM) bərpa olunan enerji mənbələri üzrə ixtisaslaşan yeni nəsil mühəndislər hazırlanması səylərinə dəstək olmaqdır. Bu mütəxəssislər Azərbaycanın bərpa olunan enerji sektorunu gücləndirməklə enerji keçidini sürətləndirmək planlarını irəli aparacaqlar. 220 səhifəlik yeni dərslikdən əlavə layihənin əhatə dairəsinə bakalavr pilləsindəki tələbələr üçün xüsusi hazırlanmış yeni təlim kursunun yaradılması da daxildir.

Layihənin ümumi dəyəri 96000 AZN ($56470) təşkil edir və bu məbləğ dərsliyin hazırlanması və nəşr olunmasını və eləcə də yeni təlim kursunun hazırlanmasını əhatə edir.

Layihə BANM tərəfindən icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR