BP TANAP-ın idarəçiliyi ilə bağlı Türkiyə mətbuatında yayılan xəbərə münasibət bildirib

BP TANAP-ın idarəçiliyi ilə bağlı Türkiyə mətbuatında yayılan xəbərə münasibət bildirib
# 05 iyul 2019 18:05 (UTC +04:00)

BP-nin Trans-Anadolu qaz kəmərinin (TANAP) idarəçiliyi üzrə ortaq şirkətdə iştirak etmək planı haqqında Türkiyə mətbuatında yayılan məlumatlar reallığı əks etdirmir.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"Bizim bu şirkətdə iştirakımızla bağlı olan məlumat doğru deyil. Biz də bu barədə xəbərləri mətbuatdan bilmişik", - deyə B. Aslanbəyli qeyd edib.

Xatırladaq ki, öncə SOCAR və Türkiyənin BOTAŞ şirkəti TANAP-ın idarə edilməsi məqsədi ilə birgə əməliyyat şirkətini yaratmaq qərarına gəldiyi barədə Türkiyə mətbuatında məlumat yayılmışdı.

Məlumatlara əsasən, tərəflər bu qərara (50/50 şərti ilə) bir neçə ay bundan əvvəl gəliblər. Şirkətin yaradılmasında Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin idarə edilməsi üçün təsis olunan əməliyyat şirkətinin modelindən istifadə olunacaq.

Qeyd edək ki, 2001-ci ildə BTC-nin Türkiyə hissəsinin idarə edilməsi üçün “BOTAŞ International” (BIL) şirkəti yaradılıb.

Sözügedən məlumatlarda BP şirkəti yaradılacaq əməliyyat şirkətində iştirak etməkdə maraqlı olduğu və bununla bağlı bir neçə görüş də keçdiyi bildirilib. Şirkət əməliyyat şirkətində tərəfdaş olmaq arzusunu və niyyətini artıq rəsmən bildirdiyi də türk mətbuatı tərəfindən bildirilirdi.

Xatırladaq ki, 1 850 km uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiye Enerji A.Ş” (7%) şirkətləridir.

İstifadədə olan bir il ərzində bu kəmərlə 1,8 mlrd. kubmetr qaz nəql edilib. Cari ilin sonunadək kəmərlə Türkiyəyə 3 mlrd. kubmetr qaz nəql etmək planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR