SOCAR-ın bu il AÇG-dən qəbul etdiyi qazın həcmi 14% azalıb

SOCAR-ın bu il AÇG-dən qəbul etdiyi qazın həcmi 14% azalıb
  • Clock-gray 14:45
  • calendar-gray 22 Oktyabr 2019

Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a 1,56 mlrd. kubmetr qaz verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% azdır.

Bunu "APA-Economics"ə Azərbaycanın neft-qaz sektorunda çalışan etibarlı mənbə deyib.

Onun sözlərinə görə, bu ilin III rübündə SOCAR-a AÇG-dən 621 mln. kubmetrə yaxın qaz verilib ki, bu da illik ifadədə 8,2%-lik azalma deməkdir.

Bu ilin yanvar-sentyabr aylarında AÇG blokunda qaz hasilatı 5,3% azalaraq 8,8 mlrd. kubmetrə yaxın olub.

AÇG-də hasil edilən qazın ancaq bir hissəsi təmənnasız SOCAR-a verilir, qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur. Qaz AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə verilir.

Qeyd edək ki, azalmanın səbəbi bu ilin aprel ayında “Mərkəzi Azəri” platformasının planlaşdırılmış profilaktik işlərin aparılması üçün ikihəftəlik dayandırılması olub. Bundan başqa, cari ilin oktyabrın 15-dən etibarən “Qərbi Çıraq” platforması da planlaşdırılmış profilaktik işlərlə əlaqədar 15 günlük dayandırılıb.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blok üzrə 2050-ci ilə qədər işlənməni nəzərdə tutan yeni saziş imzalanıb.

Layihədə pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, "Chevron" – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date