Dayazsulu "Abşeron" strukturunda işlərin başlanması qazma qurğusundan asılı olacaq

Dayazsulu "Abşeron" strukturunda işlərin başlanması qazma qurğusundan asılı olacaq
# 12 iyun 2019 17:33 (UTC +04:00)

BP şirkəti tərəfindən dayazsulu “Abşeron” (SWAP) strukturunda ilk kəşfiyyat quyusunun qazılması Qazaxıstanın “Satti” qazma qurğusunun işə başlamasına hazır olacağından asılıdır. Bu barədə "APA-Economics"ə neft-qaz sektorundakı etibarlı mənbə bildirib.

Onun sözlərinə görə, BP SWAP layihəsi çərçivəsində 2020-ci ilin sonunadək 3 kəşfiyyat quyusunun qazıntısını planlaşdırır: “İlk quyunun qazıntısı (bu ilin sonu və 2020-ci ilin əvvəli) qazma qurğusundan asılı olacaq”.

Mənbənin sözlərinə görə, birincisi, qazma qurğusu Azərbaycana çatdırılmalıdır, ikincisi, ölkəyə çatdırılandan sonra qurğu üzərində müəyyən şəraitə adaptasiya və təkmilləşdirilmə işləri aparılmalıdır ki, bütün bunlar vaxt tələb edir.

“İşlərin nə zaman başlanılması məhz bu prosesdən asılı olacaq”, - deyə mənbə əlavə edib.

SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir.

Qeyd edək ki, SOCAR və “KazMunayQaz” milli şirkəti arasında 26 yanvar 2019-cu il şəhərində imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, Azərbaycanın qazma operatoru "Caspian Drilling Company LTD" MMC (CDC) və Qazaxıstanın “KMG Drilling & Services” şirkəti arasında 16 fevral 2019-cu il tarixdə Astana şəhərində “Satti” özüqalxan üzən qazma qurğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb.

Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi “Abşeron” (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.

Qazma qurğusunun təkmilləşdirilməsi 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına imkan verəcək, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabətqabiliyyətliliyini artıracaq. “Satti”nin təkmilləşdirilməsi qazma qurğularının modernizasiyası və tikintisi üzrə böyük təcrübəyə malik "Caspian Drilling Company LTD" şirkəti tərəfindən Bakıda aparılacaq. Təkmilləşdirilmə işləri yekunlaşdıqdan sonra CDC qurğu üzərində əməliyyat rəhbərliyini həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR