Energetika Nazirliyi UNDP ilə əməkdaşlıq edəcək

Energetika Nazirliyi UNDP ilə əməkdaşlıq edəcək
# 03 iyul 2019 15:11 (UTC +04:00)

Azərbaycan Energetika Nazirliyində BMT-nin İnkişaf Proqramının (UNDP) Rezident nümayəndəsinin müavini Yuliya Şçerbininanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Sərəncamla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi istiqamətində BMT İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, nazirliyə energetika sektorunda bütün istiqamətlər üzrə islahatlarla bağlı təkliflərin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanması tapşırılıb. Azərbaycan UNDP-nin dəstəyi ilə potensial sahələr üzrə əməkdaşlıq edə və birgə səylərlə energetikada islahatlar prosesinə töhfə verə bilər.

UNDP-nin Rezident nümayəndəsinin müavini Yuliya Şçerbinina isə bərpa olunan enerji, enerji səmərəliliyi, eləcə də dayanıqlı və etibarlı enerjiyə əlçatanlığın təmin edilməsi üzrə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, qurum Energetika Nazirliyi ilə sadalanan istiqamətlər üzrə əməkdaşlıqda və müvafiq qanun layihələri, islahat xarakterli təkliflərin hazırlanmasına zəruri texniki dəstək verməkdə maraqlıdır.

Sonra Azərbaycanın energetika sektorunda islahatlara və UNDP-nin bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində həyata keçirdiyi regional və qlobal layihələrə dair təqdimatlar edilib. Potensial imkanların təhlili əsasında qısa müddətdə əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR