Energetika Nazirliyi ilə UNDP arasında Niyyət Protokolu imzalanıb

Energetika Nazirliyi ilə UNDP arasında Niyyət Protokolu imzalanıb
# 11 iyul 2019 12:30 (UTC +04:00)

Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla BMT-nin İnkişaf Proqramının (UNDP) Rezident nümayəndəsi Alessandro Frakassettinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Pərviz Şahbazov bildirib ki, UNDP ilə əməkdaşlıq ümumi maraqlara cavab verən prioritetlərin reallaşmasına və energetika sektorunda islahatların aparılmasına töhfə verəcək.

Öz növbəsində Alessandro Frakassetti isə təmsil etdiyi qurumun fəaliyyətində enerji sahəsinin mühüm istiqamətlərdən biri olduğunu, energetika sektorunda qlobal və milli səviyyədə məsələlərin həllinə lazımi dəstəyin veriləcəyini bildirib.

Görüş zamanı Energetika Nazirliyi və UNDP arasında Niyyət Protokolu imzalanıb.

Niyyət Protokolunda Azərbaycanın enerji dayanıqlığının təmin edilməsi, iqlim dəyişmələri, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, emissiyaların azaldılması və ətraf mühitin qorunması kimi layihələrin həyata keçirilməsində BMT İnkişaf Proqramı ilə əməkdaşlıq öz əksini tapıb. Həmçinin, bu sənəddə “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsində UNDP ilə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 1992-ci ildən Azərbaycanda fəaliyyətə başlayan UNDP ölkədə inkişafyönümlü bir sıra layihələr həyata keçirməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR