"Equinor" Xəzərin Azərbaycan sektorunda seysmik tədqiqatları gələn ay bitirəcək

"Equinor" Xəzərin Azərbaycan sektorunda seysmik tədqiqatları gələn ay bitirəcək
# 15 noyabr 2019 11:41 (UTC +04:00)

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində seysmik tədqiqat işləri (2- və 3-ölçülü) bu ilin dekabrın 10-dək başa çatdırılacaq.

Bunu "APA-Economics"ə Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbə bildirib.

Onun sözlərinə görə, sözügedən sahədə işləri noyabr ayında bitirmək planlaşdırılırdı, lakin hava şəraiti ilə əlaqədar işlər bir qədər gecikir.

“Buna baxmayaraq, "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində seysmik tədqiqat işlərinin gələn ayın 7-8-də bitirilməsi planlaşdırılır”, - deyə mənbə qeyd edib.

Qeyd edək ki, tədqiqat işlərini Norveçin "Equinor" şirkətinin sifarişi ilə "Caspian Geophysical" şirkəti həyata keçirir. İşlər "Gilavar" geofiziki gəmisi vasitəsi ilə aparılır.

Tədqiqat işləri təxminən minimum 3-ölçülü seysmik məlumatın tam 500 qat kvadrat km və təxminən minimum 2-ölçülü seysmik məlumatın tam 800 qat kvadrat km əhatə edilməsindən ibarət olacaq.

Mənbənin sözlərinə görə, "Caspian Geophysical" çöl işlərini bitirəndən sonra alınan məlumatların təfsiri aparılacaq: “"Caspian Geophysical" məlumatların təfsiri ilə məşğul olmadığından bu proses başqa şirkətə həvalə ediləcək”, - deyə mənbə əlavə edib.

Xatırladaq ki, SOCAR və "Equinor" şirkətləri arasında 2018-ci ilin may ayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti" və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" haqqında sazişlər imzalanıb.

Qeyd edək ki, "Dan Ulduzu" və "Əşrəfi" perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. "Aypara" sahəsi Bakıdan 90 km şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR