“Əsrin müqaviləsi”: Azərbaycanın müasir neft və qaz sənayesində qazma işlərində yeni dövrün başlanğıcı

“Əsrin müqaviləsi”: Azərbaycanın müasir neft və qaz sənayesində qazma işlərində yeni dövrün başlanğıcı
# 07 sentyabr 2019 09:00 (UTC +04:00)

“Azərbaycan iqtisadiyyatı ağır böhran içərisindədir. Neft sənayesində də böyük çətinliklər yaranıb. Bu böhrandan çıxmaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, xalqın rifahını qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün hamı əl-ələ verib müqavilənin həyata keçirilməsinə çalışmalıdır”. Bu sözlər 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" sazişin – “Əsrin müqaviləsi”nin imzalanma mərasimində Ümummilli lider Heydər Əliyevin çıxışında yer almışdı. “Əsrin müqaviləsi” torpaqlarının 20 faizi işğal edilən, vətəndaş müharibəsi təhlükəsi yaşamış, müstəqilliyinə yönəlik ciddi təhdidlər olan, büdcəsində minimum sosial ehtiyacların qarşılanması üçün vəsait çatışmayan müstəqil Azərbaycan dövləti və xalqı üçün tarixi dönüş nöqtəsi idi.

İmzalanma tarixinə “Əsrin müqaviləsi”ndə dünyanın 6 ölkəsini təmsil edən 11 neft şirkəti iştirak edib. Hazırda layihə üzrə iştirakçıların payı Azərbaycan (Ey Si Ci) Limited - 11,6461%, BP Eksploreyşn (Caspian Si) Limited - 35,7828%, Statoyl Abşeron a.s. - 8,5633%. İNPEKS Sausvest Kaspian Si,Ltd - 10,9644%, Türkiyə Petrolleri A.O. - 6,75%. Ekson Azərbaycan Limited - Ekson Mobil - 8,0006%, İTOÇU Oyl Eksploreyşn (Azərbaycan) Limited - 4,2986%, Chevron TEksa co - 11,2729%, Amerada Hess - 2,7213% olmaqla bölünüb. Sazişin müddəti 30 ildir.

Tarixi təcrübə də göstərib ki, müstəqillik ilk növbədə iqtisadi bazislə şərtlənir və Azərbaycanın da təcrübəsi bunu bir daha təsdiqlədi. “Əsrin müqaviləsi”ndən sonra ölkəyə transmilli şirkətlər axışmağa, yeni neft və qaz müqavilələri bağlanmağa başladı, əhəmiyyətinə görə “Əsrin müqaviləsi”ndən geri qalmayan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri çəkidli. Eyni zamanda Bakı-Tiflis-Ərzurum Qaz Boru Kəməri layihəsi reallaşdırıldı. Hazırda Azərbaycan qazının Avropa ölkələrinə nəqli ilə bağlı Cənub Qaz Dəhliz reallaşdırılır. Başqa sözlə, Heydər Əliyev tərəfindən əsası qoyulan neft-qaz strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək.

Qazma işlərində yeni mərhələ

Neft strategiyası fonunda tarixə nəzər salsaq, neft quyuları 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət, daha sonra Balaxanıda mexaniki üsulla qazılmağa başlanıb. XIX əsrin sonlarında neft sənayesinin inkişafında Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi milli burjaziya nümayəndələrinin böyük rolu olub. Sovetlər dövrünə gəlincə, 1941-ci ildə neft hasilatı 23,6 milyon tona çatıb və bu da o dövrdə SSRİ-nin neft hasilatının 76 faizini təşkil edib. 1949-cu ildə Neft Daşlarında ilk quyunun istismara verilməsi ilə dünyada dənizdə neftçıxarmanın əsası qoyulub. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə qazma sahəsində də tarixi dönüş yaranıb. Əgər o vaxta qədər texniki imkanlar Xəzərdə 40 metrə qədər dərinliklərdə işləməyə imkan veribsə, Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 1970-1980-ci illərdə xüsusi tüxniki vasitələrin alınması, dənizin 200 metr dərinliyində işləməyə imkan verən “Xəzər” tipli özüqalxan, "Şelf" tipli üzən qazma qurğuları dənizin daha dərin qatlarında neft və qaz yataqlarının kəşfinə imkan yaradıb. Heydər Əliyevin təşəbbüsü ilə həmin vaxt dünyada analoqu olmayan və Həştərxanda tikilməsi planlaşdırılan Dərin Dəniz Özülləri Zavodunun Bakıda tikilməsi bu sahənin inkişafında mühüm rol oynayıb.

Müstəqilliyin ilk illərində bu sahədə böhran yaşansa da, “Əsrin müqaviləsi” Azərbaycanın müasir neft və qaz sənayesində qazma işlərində də yeni dövrün başlanğıcı olub. Neft strategiyasının uğurla reallaşdırılması nəticəsində Azərbaycan bazarına müasir dövrün tələblərinə uyğun yaradılmış və ən mütərəqqi texnologiyalar əsasında fəaliyyət göstərən çoxsaylı əməliyyat, tikinti, qazma, təchizat şirkətləri daxil olub.

İnteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə

Bu sırada 2007-ci ildə təsis edilən və 2009-cu ilin iyun ayından etibarən Qazma Podratçıları Beynəlxalq Assosiyasının (IADC) üzvü olan SOCAR-AQŞ MMC diqqət çəkir. SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən təsis edilib. SOCAR-AQŞ MMC-nin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Müəssisə fəaliyyətə başladığı ilk vaxtlarda SOCAR-ın "Azneft" İstehsalat Birliyinin sifarişi ilə Günəşli yatağında yerləşən 11 və 13 saylı dərin dəniz özüllərində neft və qaz quyularının qazılması və quyu tikintisi işlərini həyata keçirib. Bu yöndə fəaliyyət sonrakı illərdə də davam edib. 2017-ci ilin birinci yarısında 11 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 4075 metr olan 31 saylı quyunun tikintisi, 2018-ci ilin ikinci yarısında “Günəşli” yatağının dayazsulu hissəsində dərinliyi dərinliyi 2,79 min metr olan 3252 saylı yeni quyunun qazma işləri başa çatıb.

Bu il aprelin 16-da "KCA Deutag" və "SOCAR-AQŞ" şirkətlərinin birgə müəssisəsi olan "Turan Drilling Engineering” MMC "BP Exploration (Caspian Sea) Limited” (BP) şirkəti ilə ilk müqaviləni bağlayıb. İmzalanan müqavilənin təxmini dəyəri razılaşdırılmış müddət (5 il) üzrə 500 milyon ABŞ dolları və müqavilə müddətinin uzadılması imkanları da nəzərə alınmaqla, 700 milyon ABŞ dolları məbləğindədir. Müqavilənin əhatə dairəsinə "Şərqi Azəri”, ‘’Qərbi Azəri’’, ‘’Mərkəzi Azəri’’, dərinsulu "Günəşli”, habelə "Qərbi Çıraq”, "Çıraq” və "Şahdəniz” yataqlarındakı dəniz özülləri üzrə qazma qurğuları daxildir.

Bu ilin iyununda SOCAR AQŞ 7 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 2660 m olan 342 nömrəli quyunun tikintisi işlərini yekunlaşdırıb. Yeni nəsil qazma avadanlığı “Bentec 3000 HP” vasitəsilə 342 nömrəli quyu Balaxanı lay dəstəsi –X horizonta qazılaraq sifarişçiyə təhvil verilib. İyul ayında isə 10 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 735 m olan 10 nömrəli kəşfiyyat quyusunun qazma işləri yekunlaşıb. Müəssisə “Qərbi Abşeron” yatağının tam potensialının aşkara çıxarılması istiqamətində də bir sıra ilklərə imza atıb. 10 saylı özülün Sahə qazma geoloqu Arif Səfərov bildirib ki, “Qərbi Abşeron” yatağında aparılan geoloji-geofiziki tədqiqatlar sayəsində əldə olunan qiymətli məlumat bazası sayəsində quyuların təhlükəsiz qazılması, işlənməsi və işlənmə rejimlərinin düzgün seçilməsi, o cümlədən qaz-kondensat ehtiyatlarının mənimsənilməsi əhəmiyyətli dərəcədə artacaq. Bu il sentyabrın əvvəlində isə “Qərbi Abşeron” yatağı 10 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 815 metr olan 65 nömrəli quyunun tikintisi işləri yekunlaşıb. Müəssisə eyni zamanda 10 saylı özüldən layihə dərinliyi 780 metr olan 18 nömrəli quyuda qazma işlərinə start verib.

Dünyaya çıxış və mütəxəssis qiyməti

Onu da qeyd edək ki, 2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb. Müəssisənin beynəlxalq qazma layihələrində davamlı iştirak etməsi və rəqabətə davamlı müəssisəyə çevrilməsi üçün bu sertifikatın əldə edilməsi zəruridir. Hazırda dayaz sulu "Günəşli" ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və "Bulla" yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparan SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015; ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb.

Təsqadüfi deyil ki,, 2018-ci ilin fevralında SOCAR AQŞ Banqladeşdə qaz yataqlarının kəşfi məqsədi ilə keçirilən qazma əməliyyatlarında tenderin qalibi olub. SOCAR-AQS şirkətinin baş direktoru Ramin İsayev elə həmin il Banqladeşdə fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bəyan edib. Bunun üçün konseptual baxış da müəyyənləşib. Bu, şirkətin baş direktorunun şirkətin tədricən yeni xarici bazarları öyrənmək niyyətində olduğunu və bunun üçün yeni insan resursları lazım olduğunu açıqlamasından bəlli olur. Nəzərə çatdırıb ki, şirkət istənilən avadanlığı ala bilər, bununla belə, bu avadanlıqları idarə edə bilən təcrübəli kadrlar lazımdır.

Yeri gəlmişkən, bu il keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfrasında SOCAR AQŞ Baş direktorun müavini/ Baş geoloq İftixar Qasımovun geoloji nöqteyi-nəzərdən öz mürəkkəbliyi ilə seçilən «Bulla» qaz yatağında yeni texnologiyaların tətbiqi sayəsində agırçəkili aralıq kəmərlərin birdəfəyə endirilməsi və sementlənməsi mövzusunda təqdimatla çıxışı Azərbaycanda neft və qaz sənayesində qazma işlərində əldə olunan nəticələrin qiymətləndirilməsi baxımından diqqət çəkir. «Bulla-6» saylı dəniz stasionar özülündə yüksək temperaturlu və yüksək təzyiqli quyuların qazılması üçün nəzərdə tutulan yeni nəsil qazma qurğusunun və avadanlıqlarının seçilməsi və işlərin optimallaşdırılması istiqamətində müəssisə rəhbərliyi sifarişçi ilə mütəmadi olaraq sıx əməkdaşlıq edib. Potensial risklərin minimuma endirilməsi və əvvəlki layihələrdən toplanmış təcrübələrdən sistemli şəkildə istifadə edilərək "DWOP" (əməliyyatlara hazırlıq ərəfəsində bütün tərəfdaşlarla birgə Quyu tikintisinin kağız üzərində tərtibi) tədbirləri həyata keçirilib. Hazırlıq işləri çərçivəsində qullənin və qurğunun digər elementlərinin daşınmasında iri modullardan istifadə olunduğuna görə yükdaşınmaların müddəti xeyli azalıb və risklər minumuma endirilib. Həmçinin ilk dəfə olaraq SOCAR AQŞ mütəxəssislərinin təklifləri əsasında «Bulla-6» saylı özülün layihələndirilməsində texnoloji proseslərin tələbatına uyğun müxtəlif təyinatlı məhlulların saxlanılması üçün vertikal tipli çənlərdən istifadə olunub və nəticədə özüldə daha az sahədə iri həcmli quraşdırma işlərini görmək mümkün olub.

İ. Qasımov qeyd edib ki, yüksək təzyiqli «Bulla» yatağından 78 nömrəli kəşfiyyat quyusunun yüksək keyfiyyətlə, bir sıra ilklərə imza atmaqla qazılaraq sifarişçiyə təhvil verilməsi Azərbaycan qazmaçılarının növbəti uğuru olub. Ümumi çəkisi havada 530 ton olan 13 3/8" qoruyucu kəmərin 4938 m dərinliyə, çəkisi 380 ton olan 9 5/8" qoruyucu kəmərin isə 5400 m dərinliyə birdəfəyə endirilməsinə və uğurla sementlənməsinə nail olunub. Bununla da qoruyucu kəmərin dərin quyularda iki mərhələdə endirilməsi ənənəsinə son qoyulub.

Eyni zamanda 3000 at gücünə malik olan "Drillmec" yeni nəsil qazma avadanlığından istifadə edən müəssisə «Bulla» yatağının 6 saylı dəniz stasionar özülündə 113 nömrəli quyuda ağırçəkili aralıq kəmərinin birdəfəyə endirmək cəhdini də uğurla həyata keçirib. Xəzər dənizinin Azərbaycan sektorunda yüksək təzyiqli və temperaturlu quyuların qazılması zamanı və o cümlədən, «Bulla» yatağı üzrə V və VII horizontlardan beynəlxalq standartlara cavab verən süxur nümunələrinin götürülməsini ilk dəfə olaraq SOCAR AQŞ həyata keçirib...

Qeyd: Yazı SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR