"Etilen-polietilen" zavodunun modernizasiyası gələn il tam bitəcək

"Etilen-polietilen" zavodunun modernizasiyası gələn il tam bitəcək
# 13 may 2022 12:42 (UTC +04:00)

SOCAR "Azərikimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodunun modernizasiyası və yenidənqurulması 2023-ci ilin birinci rübündə tam başa çatacaq.

"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə zavodun direktoru Oqtay Niftəliyev bildirib.

Onun sözlərinə görə, SOCAR-ın Azərbaycanda qeyri-neft sektorunun inkişafında aparıcı rola malik “Azərikimya” İB-nin "Etilen-polietilen" zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsinin əsas mərhələsi uğurla başa çatdırılıb. Zavodda aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bir neçə yeni müasir texnoloji qurğular, avtomatik idarəetmə mərkəzləri, o cümlədən yeni piroliz sobaları, hidrogenin saflaşdırılması, quru qazın və C3 fraksiyasının təmizlənməsi qurğuları, etilen və propilen məhsullarının saxlanılması tutumları inşa olunub. Burada, həmçinin istismarda olan bir sıra köhnə qurğular əsaslı şəkildə yenidən qurulmuş, yeni və rekonstruksiya olunmuş qurğular isə avtomatik idarəetmə sistemlərinə keçirilmiş, zavodun elektrik təchizatı sistemi və köməkçi qurğuları təkmilləşdirilib.

Layihənin icrası nəticəsində “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artıb.
İcrasına 2016-cı ilin noyabr ayında, EPC müqaviləsinin imzalanması ilə başlanılmış layihə rekonstruksiya işlərinin mürəkkəbliyi və 2020-2021-ci illərdə COVID-19 pandemiyasının neqativ təsirlərinə baxmayaraq, 2021-ci ildə müvəffəqiyyətlə tamamlanıb və layihə komandası qarşısında qoyulan bütün hədəflərə nail olunub.

Zavodun baş mühəndisinin müavini Samir Səlimlinin sözlərinə görə, modernizasiya nəticəsində zavod üzrə propilen istehsalı 60-65 min tondan 187 min tonadək, etilen istehsalı isə 110 min tondan 190 min tonadək yüksəldilib. Yaxın vaxtda etilen istehsalını 210 min tonadək çatdırmaq məqsədilə qurğuların sınaqdan keçirilməsi nəzərdə tutulub.

Modernizasiya layihəsinin əsas məqsədlərindən biri də Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və tələb olunan miqdarda etilen, propilen, saf hidrogen və enerji daşıyıcıları ilə təmin etməkdir. "Azərikimya" İB-də istehsal üçün istifadə olunan xammal isə birbaşa SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir. Beləliklə, “Azərikimya” İB-nin Sumqayıtdakı Etilen-polietilen zavodu SOCAR-ın emal üzrə dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan emal zəncirinin ən önəmli həlqələrindən birini təşkil edir.

Yenidənqurma layihəsi ilə yanaşı, aparılan və artıq sazlama işləri görülən “Yeni yüksək gərginlikli yarımstansiyanın tikintisi” və mövcud “su soyutma qurğusunun genişləndirilməsi” layihələri də yekun fazadadır və bu qurğuların cari ilin ikinci rübündə istismara verilməsi planlaşdırılır.

Samir Səlimlinin sözlərinə görə, yeni (əlavə) Buxar Turbogenerator qurğusunun inşası ilə zavodda elektrik enerjinin istehsalı 2 dəfədən çox artacaq.

Belə ki, “Azərikimya” İB özünün enerji tələbatını daxili imkanları ilə tam təmin edəcək, 35 Mvt/s izafi elektrik enerjisi isə SOCAR-ın digər istehlakçılarına veriləcək.

Samir Səlimlinin sözlərinə görə, Buxar Elektrik Enerjisi İstehsalatı (BEEİ) “Mitsubishi” Mövcud qurğuya əlavə Yeni Buxar Turbogenerator qurğusu quraşdırılmaqla (UNIPER/SOCAR) zavodun enerji tələbatı tam qarşılanacaq.
Hazırda Buxar Turbogenerator qurğusunun tikintisi layihəsi üzrə proqress təqribən 98%-dir.

Layihənin cari ilin 3-cü rübündə tamamlanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR