Füzuli Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzi qısa müddətdə istifadəyə veriləcək

Füzuli Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzi qısa müddətdə istifadəyə veriləcək
# 07 oktyabr 2022 11:56 (UTC +04:00)

Füzuli Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzi qısa müddətdə istifadəyə veriləcək.

APA-Economics” xəbər verir ki, bu barədə jurnalistlərə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin rəhbəri Araz Məmmədzadə deyib.

Bildirib ki, hazırda inşası davam edən Mərkəz qapalı tiplidir, bütün məlumatlar rəqəmsal alınır: “Gələcəkdə əhali sayının və tələbatın artdığını nəzərə alaraq belə stansiyaların tikintisi nəzərdə tutulur. 35/0,4 kV-luq 2x2500 kVA gücündə olan Rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir”.

Araz Məmmədzadə onu da bildirib ki, yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir: “Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal Yarımstansiyadan qidalanan istehlakçılar hər hansı bir texniki fasilənin yaranması haqda məlumatları onlayn qaydada əvvəlcədən ala bilirlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal Yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal Yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-birilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur”.

Qeyd edək ki, Füzuli Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzinin təməli 2021-ci il oktyabrın 17-də qoyulub.

Aytən Sakitqızı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR