Gürcüstan Avro-5 dizel standartının tətbiqini təxirə salıb

Gürcüstan Avro-5 dizel standartının tətbiqini təxirə salıb
  • Clock-gray 12:34
  • calendar-gray 19 Noyabr 2019

Gürcüstan hökuməti ölkədə Avro-5 dizel standartının tətbiqini 2021-ci ilə qədər təxirə salıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın İctimai televiziyası məlumat yayıb.

Bildirilib ki, məsələ ilə əlaqədar hökumət tərəfindən müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, 1 yanvar 2020-ci ildə qüvvəyə minməsi planlaşdırılan dizel standartı ölkəyə Avro-4 standartlı dizel yanacağının idxalını qadağan edirdi. Qanun qüvvəyə minəcəyi təqdirdə Azərbaycandan Gürcüstana dizel yanacağı idxalı dayandırılmalı idi. Gürcüstanın Biznes Ombudsmanı qərardan sonra Rusiyanın Gürcüstana dizel yanacağının yeganə tədarükçüsü olacağını və bunun ölkənin strateji maraqları ilə uyğun olmadığını açıqlamışdı.

Gürcü mütəxəssislər isə SOCAR-ın 2021-ci ildən etibarən Avro-5 standartlı dizel yanacağı istehsalı edə biləcəyini əsas gətirərək hökumətdən qərarın bir il gecikdirilməsini təklif edirdilər. 

Xatırladaq ki, Azərbaycan-Gürcüstanın əsas dizel yanacağı tədarükçüsüdür və Azərbaycanda istehsal olunan dizel yanacağı Rusiya məhsulu ilə müqayisədə 15 tetri ucuzdur. Azərbaycandan sonra Gürcüstanın əsas dizel tədarükçüləri isə Rusiya, Rumıniya və Bolqarıstandır.

Ekspertlər Avro-4 standartlı dizelin idxalına qadağa tətbiq ediləcəyi təqdirdə əsasən tədarükçü olan Azərbaycanın 1 il ərzində Gürcüstana dizel ixrac edə bilməyəcəyini və bu müddətdə bazara Rusiya məhsullarının dolacağını bildirir.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date