Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri (IGB) vasitəsilə ötən il nəql edilən qazın həcmi açıqlanıb.
"APA-Economics" xəbər verir ki, qeyd olunan rəqəmləri 28-ci Bakı Enerji Forumu zamanı ICGB layihə şirkətinin (layihə operatoru) icraçı direktoru Teodora Qeorqiyeva açıqlayıb.
Onun sözlərinə görə, kommersiya əməliyyatlarına başlanıldığından kəmər vasitəsilə 983 mln. kubmetr qaz nəql olunub.
Teodora Qeorqiyeva əlavə edib ki, IGB Cənub Qaz Dəhlizinin tərkib elementlərindən biridir və Avropa İttifaqı səviyyəsində əhəmiyyəti var: "Kəmər ötən ilin oktyabrında istifadəyə verilib və bu deməkdir ki, qeyd olunan infrastruktur vaxtında hazırlanıb, ona ehtiyac olan vaxtda (qiymətlərin yüksək, tələbatın yüksək olduğu zamanda -red.) qurulub".
Qeyd edək ki,185 kilometrlik qaz kəməri Bolqarıstanı Trans-Adriatik Qaz Boru Kəmərilə (TAP) birbaşa əlaqələndirir. IGB-nin ümumi gücü ildə 3 mlrd. kubmetrdir və bunun 1,57 mlrd. kubmetri 25 ilə qədər davam edən uzunmüddətli müqavilələr əsasında artıq rezervasiya edilib. Qaz kəmərinin sərbəst tutumları şəffaf və əlçatan şəkildə Avropanın iki ticarət platforması olan PRISMA və RBP-də təklif olunur.
Kommersiya istismarına bu ilin 1 oktyabr tarixində başlanılan boru kəmərinin ötürmə gücünü gələcəkdə 5 mlrd. kubmetrə çatdırmaq planlaşdırılır.
Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.