İran elektrik şəbəkələrini Rusiya ilə sinxronlaşdırmaqda maraqlıdır

İran elektrik şəbəkələrini Rusiya ilə sinxronlaşdırmaqda maraqlıdır
# 13 yanvar 2022 18:03 (UTC +04:00)

İran öz elektrik şəbəkələrini Rusiya ilə sinxronlaşdırmaqda maraqlıdır.

"APA-Economics"in məlumatına görə, bu barədə IRNA-ya müsahibəsində Tehranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının Sənaye komissiyasının rəhbəri Əlirza Kolahei bildirib.

"İran və Rusiyanın elektrik şəbəkələrinin sinxronlaşdırılması tələbatın ödənilməsi üçün faydalı ola bilər. Elektrik şəbəkələrinin birləşdirilməsi layihələri Avropa ölkələrində qeyri-adi bir hal deyil və İran öz elektrik şəbəkəsini Rusiya ilə birləşdirsə, bu, yaxşı gəlir əldə etməyə, həmçinin istehlakçıların ehtiyaclarını daha yaxşı qarşılamağa imkan verəcək", - deyə R. Kolahei qeyd edib.

Onun sözlərinə görə, İran hazırda İraq, Əfqanıstan və Pakistanı elektrik enerjisi ilə təmin edir, o cümlədən pik dövrlərdə ölkələr arasında elektrik enerjisinin ötürülməsi üçün Türkmənistan və Ermənistanla sinxron elektrik şəbəkələri təmin edib.

Bundan əvvəl İranın energetika nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Məhəmməd Əli Fərəhnakian IRNA-ya müsahibəsində bildirib ki, Rusiya, Azərbaycan və İran arasında elektrik şəbəkələrinin birləşdirilməsi prosesi 2022-ci ilin mayında başlayacaq. Onun fikrincə, İranın şimalında enerji dəhlizinin yaranması ölkəyə nəzərəçarpacaq faydalar gətirəcək və respublikanın elektrik enerjisi sənayesinin inkişafına investisiya ehtiyacını azalda bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR