"İsrafil Hüseynov" gəmisində aparılan təmir Azərbaycanın bir neçə layihəsinə təsir göstərə bilər

"İsrafil Hüseynov" gəmisində aparılan təmir Azərbaycanın bir neçə layihəsinə təsir göstərə bilər
# 08 iyul 2019 11:55 (UTC +04:00)

Bu il mayın 8-də “Şahdəniz - 2” layihəsi çərçivəsində “Saipem” şirkətinin Xəzər dənizində boru düzmək üçün istifadə etdiyi “İsrafil Hüseynov” borudüzən gəmisində baş vermiş partlayış yataqda aparılan işlərin qrafikinə öz təsirini göstərməyə bilməz. Bu barədə “APA-Economics”ə Azərbaycan neft-qaz sektorunda çalışan etibarlı mənbə bildirib.

Onun sözlərinə görə, hazırda gəmi təmirdədir və “Saipem” şirkəti gəminin tam qaydasına salınması prosesi üzərində çalışır ki, “İsrafil Hüseynov” “Şahdəniz-2” layihəsi çərçivəsində sualtı infrastrukturunun yaradılması çərçivəsində öz işlərini davam etdirə bilsin.

“Bu hadisə azca da olsa iş qrafikinə təsir etməyə bilməzdi. Əlbəttə, burada qrafikdən böyük bir geriləmədən söhbət getmir. Amma onu da qeyd etmək lazımdır ki, bu iş prosesidir və iş zamani hər cur nəzərə alınmamış vəziyyətlər ortaya çıxa bilər. Fikrimcə, bu problem tezliklə aradan qaldırılacaq və qəmi öz işini davam etdirəcək”, - deyə mənbə əlavə edib.

Bundan əlavə, mənbənin sözlərinə görə, “İsrafil Hüseynov” gəmisində baş vermiş partlayış avtomatik olaraq Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz yatağının işlənməsi çərçivəsində infrastrukturun yaradılması və istifadəyə verilməsinə də öz təsirini göstərə bilər.

Qeyd edək ki, bu layihə çərçivəsində Fransanın “Total” şirkəti və "Saipem Contracting Netherlands BV", "Boshelf LLC" və "STAR GULF FZCO" şirkətlərində ibarət konsorsium arasında olan müqaviləyə əsasən, infrastrukturun yaradılması üzrə işlərin başa çatdırılması və istismara verilməsi 2020-ci ilin avqust planlaşdırılıb.

Sözügedən müqavilə yataqda layihə işlərinin aparılmasını, infrastrukturun satın-alınması, istehsalı və dəniz şelfində quraşdırılmasını, uzunluğu 34 km olan 12-düymlük istehsal xəttinin işə salınması və sınaqdan keçirilməsinə yardım edilməsini nəzərdə tutur.

Xatırladaq ki, müqaviləyə əsasən, dəniz sahəsindəki işin yerinə yetirilməsi üçün “İsrafil Hüseynov” borudüzən, “Qurban Abbasov” kran, həmçinin, "Topaz Arrow" yardımçı gəmiləri cəlb ediləcək.

“Əgər gəmidə yaranan problemlər “Şahdəniz”də aparılan iş qrafikinə təsir göstəribsə, avtomatik olaraq bu, “Abşeron” yatağında aparılan işlərə də təsir göstərəcək. Bu da onunla əlaqədardır ki, bütün işlər qabaqcadan təsdiqlənmiş qrafik üzrə aparılır və kiçik bir problem bütün iş qrafikinə öz təsirini göstərir. Yenə də qeyd etmək istərdin ki, bu cür iri və mürəkkəb layihələrdə belə kiçik gecikmələr ola bilər. Yaddan çıxartmayaq ki, bu, çətin dəniz şəraitidir”, - deyə mənbə əlavə edib.

"Abşeron" dəniz yatağında kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb. Yatağın ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR