"İsrafil Hüseynov" gəmisi "Şahdəniz"də işini hələ də bərpa etməyib

"İsrafil Hüseynov" gəmisi "Şahdəniz"də işini hələ də bərpa etməyib
# 02 sentyabr 2019 14:44 (UTC +04:00)

Təmirdə olan “İsrafil Hüseynov” borudüzən gəmisi hələ də “Şahdəniz-2” layihəsi çərçivəsində işini bərpa etməyib. Bunu “APA-Economics”ə Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbə deyib.

Qeyd edək ki, bu ilin mayın 8-də “Şahdəniz-2” layihəsi çərçivəsində İtaliyanın “Saipem” şirkətinin Xəzər dənizində boru düzmək üçün istifadə etdiyi “İsrafil Hüseynov” borudüzən gəmisində partlayış baş verib. Hadisədən sonra gəmi təmirə göndərilib.

Mənbənin sözlərinə görə, gəmi hələ öz fəaliyyətini bərpa eləməyib. “Gözlənilir ki, “İsrafil Hüseynov” gəmisi “Şahdəniz”də qalan işlərinin həyata keçirilməsinə sentyabr ayında başlayacaq”, - deyə mənbə əlavə edib.

Mənbənin həmçinin bildirib ki, gəmi işini davam etdirmək üçün “Şahdəniz” yatağına avqust ayında qayıtmalı idi.

Xatırladaq ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Ötən il "Şahdəniz" üzrə fəaliyyətlərə 578 mln. dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. Ötən il yataqdan 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton (təqribən 20,5 mln. barel) kondensat hasil edilib.

Qeyd edək ki, “Şahdəniz 2” ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Dəhlizi tam gücü ilə işə salınması Azərbaycana Türkiyəyə nəql edilən qazın həcmini 6 mlrd. kubmetr artırmağa və Avropaya “mavi yanacağın” nəqlini təmin etməyə (ildə 10 mlrd. kubmetr) imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR