MOL "Chevron"un AÇG və BTC-dəki paylarını satın alıb

MOL "Chevron"un AÇG və BTC-dəki paylarını satın alıb
# 04 noyabr 2019 15:24 (UTC +04:00)

Macarıstanın MOL enerji şirkəti “Chevron Global Ventures Ltd.” və “Chevron BTC Pipeline, Ltd.” şirkətlərinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində olan payların satın alınmasına dair müqavilə imzalayıb.

APA-Economics”in xəbərinə görə, bu barədə MOL-un yaydığı rəsmi məlumatda deyilir.

Məlumata əsasən, müqavilənin dəyəri 1,57 mlrd. ABŞ dollarıdır (sövdələşmənin başa çatması zamanı düzəlişlərin edilməsi şərti ilə – red.).

Belə ki, müqaviləyə görə, MOL ABŞ-ın “Chevron” şirkətinin AÇG-dəki 9,57% və BTC-dəki 8,9% paylarına sahiblik edəcək.

Bu əməliyyat başa çatdıqdan sonra MOL AÇG-nin üçüncü ən böyük ortağı olacaq.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, "Chevron" – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

“BTC Co.”nun səhmdarları sırasına isə BP (30,1%), “AzBTC” (25%), “Chevron” (8,9%), “Equinor” (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), ITOCHU (3,4%), INPEX (2,5%), “ExxonMobil” (2,5%) və “ONGC (BTC) Limited” (2,36%) şirkətləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR