Maksim Oreşkin: “Azərbaycanın ixrac etdiyi məhsullar Rusiya bazarında lider mövqedədir”

Maksim Oreşkin: “Azərbaycanın ixrac etdiyi məhsullar Rusiya bazarında lider mövqedədir”
# 22 noyabr 2019 13:36 (UTC +04:00)

“Azərbaycanın ixrac etdiyi ayrı-ayrı məhsullar Rusiya bazarında lider mövqedədir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumunda deyib.

Forumda Rusiyanın 30 regionundan nümayəndələrin iştirak etdiyini bildirən nazirin sözlərinə görə, bu, Azərbaycan iqtisadiyyatının Rusiyada mövqelərini möhkəmləndirməsi üçün böyük perspektivə malik olmasından xəbər verir.

M. Oreşkin Rusiyada iki ölkə rəhbərliyi, eləcə də idarə və müəssisələr, regionlar arasında ənənəvi dostluq əlaqələrinin yüksək qiymətləndirildiyini vurğulayıb.

O qeyd edib ki, bu ilin 9 ayı ərzində Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 24 faiz artıb: “Bundan əlavə, pul köçürmələri, turizm və digər sahələrdə də əməkdaşlıq genişlənib”.

Rusiyalı nazir vurğulayıb ki, bu, həm də regionlar arasında əməkdaşlığın genişlənməsi sayəsində mümkün olub.

M. Oreşkin ikitərəfli əlaqələrin inkişafında Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi dostluq münasibətlərinin əhəmiyyətini qeyd edib.

O dekabrda Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçiriləcəyini, bir sıra mühüm sənədlərin imzalanacağını da qeyd edib.

M. Oreşkin hazırda həyata keçirilən bir sıra layihələrin, o cümlədən “SOCAR Polymer” zavodu, “Həyat Farm” birgə müəssisəsi, Azərbaycanda açılacaq Həştərxan işgüzar mərkəzi və Həştərxanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Biznes Mərkəzi, Bakı-Quba-Rusiya dördzolaqlı yolunun ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR