Neft Fondunun “Abşeron” yatağından ilk daxilolmalarının həcmi açıqlanıb

Neft Fondunun “Abşeron” yatağından ilk daxilolmalarının həcmi açıqlanıb
# 28 noyabr 2022 17:24 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağından gələn il 600 min barel kondensatın hasilatı proqnozlaşdırılır.

APA-Economics”in verdiyi xəbərə görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə rəy”ində əksini tapıb.

Hesabata əsasən, gələn il yataqdan 210 mln. kubmetr qazın hasil olunacağı gözlənilir. “Abşeron” layihəsi üzrə ilk hasilatın 2023-cü ildə olması nəzərdə tutulub.

Məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun “Abşeron” yatağından daxilolmalar 50,67 mln. ABŞ dolları təşkil edəcək.

Qeyd edək ki, hazırda qaz ehtiyatları 350-360 mlrd. kubmetr (100 mln. ton kondensat) təşkil edən "Abşeron" yatağında infrastrukturun yaradılması aparılır.

"Abşeron" dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.

Qeyd edək ki, 2019-cu ildə yataqda kəşfiyyat-hasilat quyusunun qazılması bitib və o konservasiya edilib.

"Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. kubmetr qazın hasilatı nəzərdə tutulur. İkinci mərhələ çərçivəsində "Abşeron" yatağında qaz hasilatı ildə təqribən 5 mlrd. kubmetrə çata bilər.

Yatağın operatoru "SOCAR Absheron" və "Total E&P Absheron" törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP ("Joined Operating Company Absheron Petroleum") birgə müəssisəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR