“Nəsimi” tankerinin əsaslı təmiri başa çatıb

“Nəsimi” tankerinin əsaslı təmiri başa çatıb
# 23 aprel 2022 11:15 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Nəsimi” tankerinin əsaslı təmiri başa çatıb.

QSC-dən "APA-Economics"ə daxil olan məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə həyata keçirilib. Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərrik, nasoslar, separatorlar və kompressorlar təmir edilib.

Gəmidə gövdə-qaynaq, elektrik-quraşdırma və avtomatika işləri də yerinə yetirilib. Həmçinin, tankerdə yeni borular quraşdırılıb.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid yeni tip stasionar ultraqısa dalğalı radiostansiya, maqnit kompas, exolot, sürət ölçən qurğu, inmarsat peyk rabitə terminalı, qəza-xilasetmə radiostansiyalar və radiovericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS) və radiolokasiya stansiyası quraşdırılıb.

Eyni zamanda, “Nəsimi” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən xam neftin daşınmasına cəlb olunub.

Xatırladaq ki, “Nəsimi” gəmisinin uzunluğu 149,9, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR