Pərviz Şahbazov: Heydər Əliyevin Azərbaycan-Türkiyə birliyi ideyaları bu gün öz bəhrəsini verir

Pərviz Şahbazov: Heydər Əliyevin Azərbaycan-Türkiyə birliyi ideyaları bu gün öz bəhrəsini verir
# 14 mart 2023 14:31 (UTC +04:00)

“Türkiyə ilə yüksək münasibətlər, enerji layihələrində birgə iştirak Heydər Əliyevin fəaliyyətində strateji prioritetlər idi”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Azərbaycanın energetika naziri İstanbulda “Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi”nin təşkilatçılığı ilə keçirilən 26-cı Avrasiya İqtisadi Zirvəsində Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sessiyada çıxışı zamanı deyib.

Çıxışda Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsinin bütün sahələrdə əməkdaşlığın əsas prinsipi olmasından bəhs edilib. Mühüm strateji enerji və kommunikasiya layihələrinin birgə reallaşdırılmasını təmin edən, dünyaya örnək Azərbaycan-Türkiyə birliyini formalaşdıran xidmətlərindən danışılıb.

Bildirilib ki, Azərbaycan-Türkiyə münasibətlərinin başqa dövlətlərlə olan əlaqələrdən fərqləndirilməsi Heydər Əliyevin siyasətində strateji xətt olub. “Əsrin Müqaviləsi”ndə türk şirkətinin 1,75 faizlik payının Azərbaycanın payı hesabına 6,75 faizə çatdırılması, həmçinin “Şahdəniz” yatağında iştirak payının 9 faizdən sonralar 19 faizə yüksəldilməsi məhz Türkiyə ilə enerji tərəfdaşlığına verilən önəmin göstəriciləridir.

Pərviz Şahbazov deyib ki, Heydər Əliyev Azərbaycanın müstəqil inkişafında, dünyaya çıxışında Türkiyəni etibarlı körpü olaraq görürdü: “Ulu
Öndər Azərbaycanın əsas enerji layihələrində Türkiyənin iştirakı məsələsində, enerji resurslarının nəqli marşrutlarının məhz Türkiyədən keçməsində qətiyyət göstərirdi. Çünki Heydər Əliyev böyük siyasət bilicisi kimi əmin idi ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi enerji təhlükəsizliyi layihələrinin mürəkkəb geosiyasi məkanda, regional münaqişələr və maraqlar toqquşması şəraitində gerçəkləşməsi üçün Türkiyənin iştirakı vacibdir.”

Qeyd edilib ki, Heydər Əliyevin Azərbaycan-Türkiyə birliyi ideyaları bu gün öz bəhrəsini verir: "Qardaş-dost ölkələr bu gün həm də müttəfiqdirlər. Cənub Qaz Dəhlizi, TANAP kimi enerji təhlükəsizliyi layihələrimiz sayəsində ölkələrimiz regional və Avropa miqyasında təhlükəsiz, dayanıqlı enerji təchizatının qarantıdırlar. Azərbaycan və Türkiyənin getdikcə artan belə geostrateji rolu dövlət başçıları - cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib
Ərdoğanın bir-birinə sarsılmaz inam və güvənlə yürütdükləri siyasətin, onların timsalında Azərbaycan və Türkiyənin birləşmiş gücünün təcəssümüdür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR