SOCAR: "Qarabağ" yatağında qiymətləndirmə quyusunun qazılmasına bu yaxınlarda başlanılacaq

SOCAR: "Qarabağ" yatağında qiymətləndirmə quyusunun qazılmasına bu yaxınlarda başlanılacaq
# 16 oktyabr 2019 17:02 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına bu ilin noyabrında başlanıla bilər.

Bunu "APA-Economics"ə SOCAR-ın yüksək vəzifəli nümayəndəsi deyib.

Qeyd edək ki, bu ilin martında "Caspian Drilling Company Ltd" (CDC) və “Equinor” ("Equinor Azerbaijan Karabagh BV") şirkətləri arasında qazma əməliyyatlarının aparılmasına dair müqavilə imzalanıb.

Müqavilə şərtlərinə əsasən, "Equinor"un layihə əməliyyatçısı olduğu və SOCAR ilə birgə işlənməsi nəzərdə tutulan "Qarabağ" yatağında CDC tərəfindən iki quyu qazılacaq. "Equinor" və SOCAR "Qarabağ" yatağının işlənməsi üzrə layihədə bərabər paylarla yarı-yarıya iştirak edirlər.

İlk quyu "Dədə Qorqud" yarımdalma qazma qurğusunun reaktivasiyasından sonra qazılacaq.

“Bu yaxınlarda artıq “Dədə Qorqud” qazma qurğusu hazır olacaq. Qazma işlərinə də bu yaxınlarda, çox güman ki, noyabrda başlanılacaq”, - deyə SOCAR-ın rəsmisi qeyd edib.

Xatırladaq ki, “Qarabağ” yatağından ilk məhsulun 2020-2021-ci illərdə əldə olunması proqnozlaşdırılır.

“Qarabağ” yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) sazişi 2018-ci il mayın 30-da SOCAR-la "Equinor" şirkətləri arasında imzalanıb.

“Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR