Qaz Emalı Zavodunun istehsalat göstəriciləri açıqlanıb

Qaz Emalı Zavodunun istehsalat göstəriciləri açıqlanıb
# 17 mart 2023 11:27 (UTC +04:00)

SOCAR-ın balansında olan Qaz Emalı Zavodunda ötən il 3 608,5 mln. kubmetr təbii qaz emal edilib.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Hesabata əsasən, emal nəticəsində 3 556,1 mln. kubmetr təmizlənmiş quru qaz, 11,1 min ton texniki butan və 225 min ton qaz benzini istehsal olunub.

“Qaz benzininin 17,1 min tonu xammal kimi "Azneft" İstehsalat Birliyinə təhvil verilib, 5,1 min tonu "Azərikimya" İstehsalat Birliyinə təchiz edilib, texniki butanın isə bütün həcmi daxili bazarda satışa yönəlib”, - hesabatda qeyd olunur.

Xatırladaq ki, Qaz Emalı Zavodunun tikintisinin birinci mərhələsi 1961-ci ildə 3 və 4 nömrəli sexlərinin istismara verilməsi ilə nəticələnib. 3 nömrəli sexdə təbii qazdan benzin ayıran qurğular istismar olunur, 4 nömrəli texnoloji sexdə qaz kondensatının emalı və qeyri-sabit qaz benzininin fraksiyalaşdırılması həyata keçirilirdi. 1963-cü ildə inşaatın 2-ci mərhələsi çərçivəsində 2 nömrəli, 1964-cü ildə isə 1 nömrəli texnoloji sexlərdə qazdan benzin ayıran qurğular tikilərək istismara verilib. Beləliklə, Qaz Emalı Zavodu ildə 4,5 milyard m³ təbii qazı emal etmək gücünə malik olub. 1986-cı ildə aparılmış yenidənqurma işləri nəticəsində zavodun təbii qazın emalı üzrə illik layihə gücü artırılaraq 6,5 milyard m³-ə çatdırılıb. Yenidənqurma prosesində bundan əlavə, zavodun yeraltı təbii qaz boruları estakada üzərinə çəkilib, yeraltı sənaye su boruları yerüstü kəmərlərlə əvəz olunub və nəhayət, iki qaz-ölçü qovşağı yaradılıb. 2003-2004-cü illərdə zavodda qazın “yüksək təzyiqli çıxışı” və qazın “ümumi çıxışı” adlandırılan ölçü qovşaqları istismara verilib. 2009-cu ildə isə qazın “ümumi çıxışı” ölçü qovşağında daha bir əlavə xətt tikilərək istehsalata buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR