Bu gündən "Qərbi Çıraq" platformasının fəaliyyəti dayandırılıb

Bu gündən "Qərbi Çıraq" platformasının fəaliyyəti dayandırılıb
# 15 oktyabr 2019 13:20 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlar blokunda istismar olunan "Qərbi Çıraq" platformasının fəaliyyəti planlaşdırılmış profilaktik işlərin aparılması məqsədilə dayandırılıb.

”BP-Azerbaijan” şirkətinin (layihənin operatoru) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlının “APA-Economics”ə verdiyi məlumata görə, "Qərbi Çıraq" platformasının işi oktyabrın bu gündən etibarən dayandırılıb.

“Platformanın işi planlaşdırılmış profilaktik işlərin aparılması məqsədi ilə 15 günlük müddətə dayandırılıb”, - deyə T. Bayatlı qeyd edib.

Qeyd edək ki, platformanın fəaliyyəti profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması məqsədlə dayandırıb. Proqrama məşəl və idarəetmə sistemlərinin yeniləşdirilməsi kimi müxtəlif layihə işləri daxildir.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2018-ci ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2019-cu ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil edilib.

AÇG-nin digər platformalardan (“Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli”) və “Şahdəniz” yatağındakı “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından hasilat, “Səngəçal” terminalında əməliyyatlar, həmçinin Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.

Bu planlaşdırılmış proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

Əlavə edək ki, bu ilin aprelin 15-də AÇG-də yerləşən "Mərkəzi Azəri" platforması da planlaşdırılmış profilaktik işlərin aparılması üçün iki həftəlik dayandırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR